Əmanətlərin sığortalanması müddəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən doqquz ay uzadılması məqsədilə Milli Məclisə müraciət etmişdi. 13 mart 2020-ci il tarixində yeni tərkibdə fəaliyyətə başlayan Milli Məclisin ilk iclasında müzakirə edilən məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.
Mərkəzi Bankdan ENA.az-a daxil olan məlumatda bildirilir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə və bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcək.
Qanuna edilmiş dəyişiklik ölkə Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılmış olacaq.