Whatsapp-ın klonları orijinal messencerdən daha funksionaldırlar
Whatsapp bütün dünya üzrə yüklənmə sayına görə lider mövqelərini qoruyur və yalnız bir müddətdir ki, TikTok-dan bir qədər geri qalır. Yeni tədqiqata əsasən messencerin bütün dünyada bu qədər istifadəçi kütləsinə sahib olmasının əsas səbəblərindən biri də onun qeyri rəsmi klonlarının məşhurluq qazanmalarıdır. Həmin klonların yüksək sayda yüklənmələrinin əsas səbəbi isə onların orijinal Whatsapp ilə müqayisədə daha geniş funksionallığa sahib olmalarıdır. Bu barədə Gizchina saytı xəbər verib.
Almaniyanın SMartDriod adlı saytının verdiyi məlumata əsasən kənar tərtibatçılar tərəfindən hazırlanmış və təkmilləşdirilmiş funksionallığa sahib Whatsapp klonları bəzi regionlarda çox məşhurdurlar. Məsələn Afrikada məşhur olan GBWhatsapp tətbiqi hətta kontaktın smartfondan silinməsi halında da onun messencerdəki statusunu görməyə imkan verir. FMWhatsapp, YoWhatsapp və bunlara bənzər digər klonlar bir cihazda bir neçə istifadəçi hesabından istifadəni və böyük həcmli faylların gödərilməsini mümkün edirlər.
Analitiklərin məlumatlarına əsasən Nigeriya, Keniya və Cənubi Afrika regionlarında bu cür tətbiqlər orijinal Whatsapp-dan daha məşhurdurlar. 2019-cu ilin sonuna yaxın həmin klon messencerlər ümumi yüklənmə sayının 10%-nə sahib idilər. Bununla belə klon tətbiqdən istifadə edən istifadəçilər rahatlıqla orijinal Whatsapp işlədən istifadəçilər ilə əlaqə yarada bilirlər. Facebook şirkətinin həmin klon tətbiqlər seqmentini nəzarət altına alması cəhdləri uğursuzluqla nəticələnir. Belə ki, şirkət həmin tətiqləri bloklayandan sonra tərtibatçıları digər adlar altında bu cür klonları istifadəyə verirlər.