Belarus Azərbaycana hərbi texnika tədarük edəcək
Belarus və Azərbaycan arasında Belarus hərbi texnikasının növbəti partiyasının tədarükü üzrə müqavilə imzalanacaq.
"BI" “Belta” nəşrinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenko ilə danışıqların yekunu barədə jurnalistlərə məlumat verərkən deyib.
Bu gün iki ölkə rəhbərinin danışıqlarının yekunu əsasında Belarus Dövlət Hərbi Sənaye Komitəsi və Azərbaycan Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Memorandum hava hücumundan müdafiə üzrə silah və texnikanın tədarükü sahəsində qarşılıqlı səmərəli və ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutur.
“Ən yaxın zamanda bu sənəd Belarusdan hərbi texnikanın növbəti partiyasının tədarük edilməsinə dair müqavilədə öz əksini tapacaq”,- deyə İlham Əliyev bildirib.