BİZNES

"Korona" dünyanın ən zənginlərini də “vurdu”: Bezos 4,8 mlrd dollar itirdi

Dünyanın ən varlı insanları fond bazarlarında koronavirusun bütün dünya iqtisadiyyatını vuracağı ilə bağlı narahatlıq fonunda 139 milyard dollar itiriblər.

Bloomberg agentliyi yazır ki, bu 2016-cı ilin oktyabrından bəri, yəni nəşrin müşahidələr aparmağa başladığı vaxtdan Bloomberg-in reytinqində yer alan ən zəngin insanlar üçün ən böyük itki hesab olunur.

Məsələn, LVMH şirkətinin baş direktoru Bernar Arno və Amazonun rəhbəri Ceff Bezos hər biri müvafiq olaraq 4,8 milyard dollardan çox vəsait itiriblər. Zaranın rəhbəri Amancio Otreqa 4 milyard, Mark Zukerberq 3,48 milyard dollar ziyan çəkib. Onluqda yer alan digər milyarderlərin sərvətində isə 2,3 milyard dollar azalma baş verib. 

İnvestorlar koronavirusun yayılmasından narahatdırlar, çünki baş vermiş epidemiya və karantin tədbirləri Çin və dünya iqtisadiyyatı üçün risk yaradır.

Xatırladaq ki, Pekin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) naməlum epidemiya haqqında 2019-cu ilin dekabrın 31-də məlumat verib. ÜST isə epidemiyanı "beynəlxalq təcili vəziyyət" kimi tanıyıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)