Azərbaycanda mobil telefonların idxalına dair yeni tənzimləmə mexanizmləri hazırlanır
Azərbaycana mobil telefonların qaçaqmal yolu ilə gətirilməsinin qarşısını almaq məqsədi ilə yeni tənzimləmə mexanizmləri hazırlanır.
Bunu "Elcore" şirkətinin ölkə üzrə meneceri Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə aparılır.
"Bu məsələnin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır ki, məhz onların icrası mobil cihazların ölkəyə qeyri-leqal yolla gətirilməsinin qarşısını ala bilər. Əlbəttə, tam olaraq bunun qarşısını almaq mümkün deyil, çünki hər kəs xaricidə olarkən şəxsi istifadə üçün 1 və ya 2 mobil telefon gətirə bilər. Bu məsullar "boz" olsa da, qanuni sayılır", - deyə K. Əsədov qeyd edib.
O həmçinin əlavə edib ki, mobil telefonların ölkəyə leqal və ya qeyri-leqal yolla gətirilməsini müəyyən etmək üçün bir sıra meyarların olması zəruri sayıla bilər. Mobil telefonların idxalına dair hazırlanan tənzimləmə mexanizmində rəsmi distribusiya sənədinin, satıcı ilə istehsalçı arasında bağlanan müqavilənin və sair sənədlərin olması tələb kimi qeyd olunur.