BİZNES

Vergi mütəxəssisindən PREZİDENTƏ MƏKTUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti:Azərbaycan Respublikasının Milli Məclisinə
Surəti:Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
Surəti: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə
Surəti: Azərbaycan Respublikasının Vergilər Nazirliyinə

Mövzu: Hüquqi ekspertizanın aparılması barədə
Məlum olduğu kimi Milli Məclisdə Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi barədə Qanun lahiyəsi müzakirə olunur. Qanun lahiyəsində bir sıra müddəalar var ki, həmin müddəalar hesab edirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I və III hissələrinə uyğun deyil və vətəndaşların bərabərlik prinsipini pozur. 

Eləxə də bax: Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ

Gəlir vergisi üzrə
Vergi Məcəlləsinə təklif olunan dəyişiklik qüvvəyə minərsə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinə 2019-cu il yanvarın 1-dən 7 il müddətində güzəşt tətbiq edilir. Qeyd olunan maddəyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin 8000 manata qədər olan gəlirləri vergidən azad olunur.
Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.
Hər birinin əmək haqqısı 1000 manat olan iki tarix müəllim təsəvvür edək. Onlardan biri büdcədən maliyyələşən orta məktəbdə, digəri isə özəl məktəbdə işləyir. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik qüvvəyə minərsə büdcədən maliyyələşən orta məktəb müəllimindən 112 manat gəlir vergisi tutulacaq. Özəl məktəbin müəllimindən isə hər hansı vergi tutulmayacaq. İcbari ödənişləri də nəzərə alsaq büdcədən maliyyələşən orta məktəb müəllimindən əlavə olaraq 3% sosial sığorta haqqı (30 manat), 0.5% isə işsizlikdən sığorta haqqı (5 manat) tutulacaq. Orta məktəb müəlliminin əmək haqqından ümumilikdə 147 (112+60+5) manat vergi və icbari ödənişlər tutulduğdan sonra 853 manat əmək haqqı əldə edəcək. Lakin özəl məktəbin müəllimindən isə 200 manat əmək haqqı hissəsindən 3% (6 manat), 800 manat əmək haqqı hissəsindən 10% (80 manat) sosial sığorta haqqı, 0.5% isə işsizlikdən sığorta haqqı (5 manat) tutulacaq. Özəl məktəbin müəlliminin əmək haqqından ümumilikdə 91 (6+80+5) manat vergi və icbari ödənişlər tutulduğdan sonra 909 manat əmək haqqı əldə edəcək. Tutulmalardan sonra qalan məbləği müqaisə etsək 56 (909-853) manat özəl məktəbin müəllimi daha çox əmək haqqı əldə edəcək. Büdcədən maliyyələşən orta məktəb müəlliminin günahı nədir ki, gördükləri iş və hesablanan əmək haqqı məbləği eyni olduğu halda özəl məktəbin müəllimindən daha az məvacib alacaq? Qanunvericiliyə təklif olunan dəyişiklik büdcədən maliyyələşən məktəbin müəlliminə digər müəllimlə müqaisədə ədalətsiz yanaşır. Bu ədalətsiz yanaşma bütün peşə sahiblərinə aiddir və Qanun lahiyəsində bərabərlik prinsipi pozulur. 

Divident üzrə
Vergi Məcəlləsinə 2 maddənin əlavə olunması təklif olunur:
“102.1.22-1. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri;”
106.10. Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.”;

Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.
İki vətəndaş və hər birinin tək başına təsis etdikləri iki ayrı hüquqi şəxs təsəvvür edək. Bu iki hüquqi şəxsin faəliyyət növünün də eyni olduğunu düşünək və hesab edək ki, hər iki hüquqi şəxs mühasibat xidməti göstərir. Bunlardan birinin illik gəliri 201 min olduğu üçün ƏDV ödəyicisi, digərinin illik gəliri 199 min olduğu üçün sadələşdirilmiş verginin ödəyicisidir. Təqvim ili başa çatdıqdan və büdcəyə ödənişlər aparıldıqdan sonra hər birinin bölüşdürülməli xalis mənfəəti 10000 manat təşkil edir və həmin xalis gəlir divident şəklində təsisçilərə verilir. 

Məcəlləyə təklif olunan dəyişikliyə əsasən ƏDV ödəyicisi olan hüquqi şəxsin təsisçisinin (həmin təsisçi hüquqi və yaxuq fiziki şəxs ola bilər) əldə etdiyi dividentdən 10 % vergi tutulacaq, lakin digər hüquqi şəxsin təsisçiyə ödədiyi divident vergidən azad olacaq. Eyni zamanda yuxarıda qeyd olunan maddələr qüvvəyə minərsə qanunvericilik daha az dövriyyənin olmasını stimullaşdırır. Halbuki, əksinə olmalı idi. Nəticədə Qanunda bərabərlik prinsipi pozulur. 
Maliyyə lizinqi üzrə:

Vergi Məcəlləsinin “140.1-ci maddəsi yeni redaksiyada verilsin
140.1. Bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.”;
Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.
Bazarda buraxılış ili və qiyməti eyni olan 2 eyni model avtomobil 10000 manata lizinqə verilir. 2 vətəndaş müraciət edir və lizinq müqaviləri imzalanır. Vətəndaşlardan biri dovlət qulluqçusu (yaxud müəllim, komunal təsərrüfat işçisi, hərbi qulluqçu və s. ) olduğu üçün VÖEN-i yoxdur, digəri isə dərzi olduğu üçün VÖEN-i var. Lizinq şirkəti Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən dövlət qulluqçusu (yaxud müəllim, komunal təsərrüfat işçisi, hərbi qulluqçu və s. ) olan vətəndaşla müqaviləni 11800 manata, peşəsi dərzi olan vətəndaşla isə 10000 manata bağlamalıdır. Nəticədə Qanunvericiliyə təklif olunan dəyişiklik dövlət qulluqçusu (yaxud müəllim, komunal təsərrüfat işçisi, hərbi qulluqçu və s.) peşəsi dərzi olan vətəndaşla müqaisədə ədalətsiz yanaşır. Qanunda bərabərlik prinsipi pozulur. 

Sadələşdirilmiş vergi üzrə
Vegi Məcəlləsinə 218.5.10-cu maddənin əlavə edilməsi təklif olunur
218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:
Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.
Azərbaycan vətəndaşı olan 2 müxtəlif hüquqşünas fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Birinin müştərisi adi vətəndaşlar (VÖEN-i olmayan), digərinin isə sahibkar (VÖEN-i olan) vətəndaşlardır. Hər ikisi də ayrılıqda 10000 manat gəlir əldə edir. Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə adi vətəndaşa hüquq xidməti göstərən şəxs 400 manat, digəri isə 2000 manat vergi ödəməlidir. Nəticədə Qanunvericiliyə təklif olunan dəyişiklik müştərisi adi vətəndaşlar olan hüquqşünasa digər hüquqşünasla müqaisədə ədalətsiz yanaşır (digər fəaliyyət növlərində də eyni vəziyyətdir). Qanunda bərabərlik prinsipi pozulur.

Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə görə Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Lakin Vergi Məcəlləsinə əlavə edilməsi təklif olunan maddələrdə bərabərlik və ədalət prinsipləri pozulduğundan Qanun lahiyəsinin Konstitusiyaya uyğunlu yoxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq Qanun lahiyəsinin hüquqi ekspertizadan keçirilməsi üçün müvafq göstəriş verməyinizi xahiş edirəm.

 

Vergi üzrə ekspert: Vəli Əliyev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)