BİZNES

"İşçilərə maaş yazanda bu hallara yol verməyin" - VERGİLƏRDƏN XƏBƏRDARLIQ SİYAHISI

Azərbaycanda Vergilər Nazirliyi əmək müqavilələrinə və maaşlara nəzarəti artırıb. ENA.az xəbər verir ki, nazirlik iş adamlarına və şirkətlərə müraciət edərək, onları işçilərlə əmək münasibətlərini düzgün rəsmiləşdirməyə, əmək haqlarını düzgün göstərməyə çağırıb. Əks halda həmin şirkətlər ciddi sanksiyalarla üzləşəcəklər. 

 

ixtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd etməsi;

 

əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq, 1 işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması;

 

əmək haqqı fondunu “Əmək müqaviləsi bildirişi” altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərməsi;

 

əmək haqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş “İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə” məlumata əsasən müəyyən olunan orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;

 

vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə buraxmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması;

vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması;

vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçiləri ilə mülki hüquqi müqavilə bağlaması.

Yuxarıda qeyd edilmiş hallara yol verən vergi ödəyicilərinə Vergilər Nazirliyi tərəfindən “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” müvafiq bildiriş göndərilir. Bildirişdə vergi ödəyicisinə təqdim edilən bəyannamələrdə və əmək müqaviləsi bildirişlərində işçilərə ödənilən əməkhaqqı məbləğinin 10 iş günü müddətində düzgün əks etdirilməsi tövsiyə olunur. 

Qeyd edək ki, işçilərin düzgün qeydiyyata alınması və əmək haqqı, müqavilə məsələrində qanunsuzluqlara yol verilərsə, ciddi sanksiyalar və 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

Əmək Məcəlləsinin 7.2-ci maddəsinin tələbinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala 1-ci dəfə yol verdikdə 2.000 manat, 2-ci dəfə yol verdikdə 4.000 manat, 3 və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcələsinin 192.1-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər isə 20.000 min manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinin tələblərinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (10 nəfər və ondan çox) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 162-1.2.-ci maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)