Hadisə

Bakıda doqquzmərtəbəli binadan qumbara çıxdı - FOTO

Bakıda əl qumbarası tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "ENA"a verilən məlumata görə, yanvarın 6-da, saat 15:20-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi 1 “D” ünvanında 1 ədəd partlamamış əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin (BBPİ), Nəsimi Rayon Polis İdarəsinin (RPİ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, BŞBPİ, Nəsimi RPİ və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 9 mərtəbəli binanın liftinin şaxtasına baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri ilə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarını tərəfindən birgə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası və boş patron lenti aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və patron lentinin ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)