Sosial iqtisadiyyat

Məktəbə kağız dərsliklər əvəzinə elektron dərsliklər aparmaq olarmı? - AÇIQLAMA

Bu yaxınlarda məktəblərdə elektron dərsliklərin istifadəsi ilə bağlı mövzu qaldırılmışdı. Bakıda Təhsil Nazirliyinin bu hüququ onların ixtiyarına buraxdığını əsas gətirən bir sıra məktəblərin rəhbərliyi onların istifadəsini qadağan edib. İndi isə təhsil qurumu bəyan edir ki, təhsil məqsədilə istifadə olunursa, heç bir məktəb dərsliklərin yükləndiyi elektron qurğuların istifadəsini qadağan edə bilməz.

“Əgər planşet, yaxud digər elektron qurğunun SİM-kartı və internet bağlantısı yoxdursa, məktəbli ondan www.trims.edu.az portalından PDF formatından yüklənən elektron dərsliklərin daşıyıcısı kimi istifadə edə bilər”, - deyə qurumdan bildirilib.

Bundan əlavə, vurğulanıb ki, Təhsil Nazirliyinin saytına bütün məktəb dərslikləri yüklənib.

“Arzulayan hər kəs istənilən dərsliyi bu saytın vasitəsilə özünün elektron qurğusuna yükləyə və offlayn formatda ondan istifadə edə bilər”.

Onu da vurğulayaq ki, 2016-cı ildən etibarən elə bu saytda dərsliklər ictimai müzakirələrə çıxarılır:

“Bunun üçün xüsusi bölmə var, arzulayan hər kəs burda dərslikləri araşdıra, öz rəyini bildirə və ya məzmununa uyğun təkliflərini irəli sürə bilər”.

Xatırladaq ki, Təhsil Nazirliyinin www.e-derslik.edu.az saytında 232 elektron dərslik, 22 metodik vəsait və iki sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 256 elektron vəsait mövcuddur.

Ötən il portalda Azərbaycan və rus bölməsində oxuyan ikinci, üçüncü, doqquzuncu, onuncu və on birinci siniflər üçün 19 dərslik yerləşdirilmişdi. Bundan başqa, hər iki bölmə üzrə portalda mövcud olan ikinci sinif dərsliklərindən 15-i, üçüncü sinif dərsliklərindən 15-i, dördüncü sinif dərsliklərindən  17-si və səkkizinci sinif dərsliklərindən  31-i olmaqla, ümumilikdə 78 dərslik yeniləri ilə əvəzlənib.

Məzmunu zənginləşdirmək üçün portala 55 mövzuda yüksək keyfiyyətli video dərslər, həmçinin, 176 başqa video material, 594 təsvir, 302 səs yazısı və 163 başqa formatlı material əlavə edilib.

Beləliklə, video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb.

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az saytının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq və onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.

Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin, istənilən vaxt və məkanda dərsliklərə müraciət etməyə şərait yaradır. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

Demək olar ki, bütün valideynlərin məktəb çantalarının həddindən artıq yükləməsindən narahatlığını nəzərə alsaq, elektron dərsliklərin istifadəsi yerinə düşərdi.

 

 

Media.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)