Sosial iqtisadiyyat

İlk dəfə Qafqazın şərab marşrutu yaradıldı

Yanvarın 27-də Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib.

ENA.az xəbər verir ki, Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.

Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib və ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin, ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.

Tədbirdə qeyd edilib ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.

Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib.

“İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla, 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir. 

Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department