Azərbaycanın ötənilki dövlət büdcəsində 205 milyon manat kəsir yaranıb
2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin mədaxili 23,168 milyard manat proqnoza qarşı 24,2 milyard manat, məxarici isə 25,19 milyard manat proqnoza qarşı 24,405 milyard manat təşkil edib.
"ENA" xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə məlumat verib.
"Beləliklə, büdcə gəlirləri 104,5%, büdcə xərcləri isə 97% icra olunub. Son nəticədə büdcənin kəsri 2,022 milyard manat proqnoza qarşı cəmi 205 milyon manat (təxminən 90%) təşkil edib. Bu da onunla bağlıdır ki, vergi-gömrük orqanları büdcə daxilolmaları üzrə proqnozları artıqlaması ilə yerinə yetirib, eyni zamanda büdcənin bəzi xərc istiqamətlərində qənaət edilib.
Mən ilk növbədə büdcədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna transfertlərin məbləğini qeyd etmək istərdim. Biz bu məbləği 150 milyon manat azaltmışdıq, amma ilin yekununda hətta 180 milyon manatlıq qənaət əməl gəlib. Bu da sosial sığorta haqlarının yığılmasında böyük dönüşün yaradılması ilə bağlıdır", - deyə nazir qeyd edib.