TURİZM

Daha bir istirahət mərkəzindən şikayət - “4 uşaqla soyuqda qaldıq”

Bakı sakini Hicran Quliyeva Xızı rayonunda yerləşən “Cənnət bağı Altıağac” istirahət mərkəzində ona və ailəsinə qarşı kobud rəftar edildiyini iddia edib. “ENA” xəbər verir ki, şikayətçi bildirib ki, otaqları qabaqcadan rezerv etsələr də, giriş vaxtından (saat 14:00-dan) 3-4 saat əlavə bayırda gözləməli olublar. Bununla bağlı şikayət etdikləri zaman isə kobud rəftarla qarşılaşıblar:

“Yanvar ayının 4-nə Altıağac İstirahət Mərkəzində iki gün əvvəlcədən 2 ailə üçün yer rezerv etdik. Mərkəzə çatanda bizə hələ otaqların boşalmadığı bildirildi. Hava soyuq olduğundan mərkəzin ərazisində yerləşən restorana getməyi qərara aldıq. 30 dəqiqəyə yaxın bizə heç kim yaxınlaşmadı. Daha sonra saat yarımdan çox da sifarişimizi gözlədik. Günümüzün yarısı otelin səriştəsiz işçilərinin ucbatından restoranda və soyuq havada keçdi. Saat 16:00- 17:00 arası qeydiyyat şöbəsinə yaxınlaşdıq, ancaq hələ də otaqlar hazır deyildi. Dediklərinə görə, qonaqlar o qədər çoxdur ki, xadimələr otaqları təmizləməyə çatdırmır.

Şikayət etmək üçün otel rəhbərliyi ilə görüşmək istədik, bu zaman da üzərimizə mühafizəçiləri göndərdilər. Kobud formada bildirildi ki, xoşunuz gəlmirsə, pulunuzu alıb gedin. Yanımızda birinin 4 yaşı olmaqla 4 uşaq var idi. 

Duşünmürlər ki, axşam vaxtı bu balaca azyaşlı uşaqlar dumanlı qarlı havada, buz bağlamış yollarda hər hansı təhlükə ilə üzləşə bilərlər? Turizmi inkişaf etdirmək istəyirik, ancaq Azərbaycan vətəndaşlarına belə xidmət göstərildiyi halda, xarici qonaqlara xidmət necə olacaq?”

Məsələylə bağlı "Cənnət Bağı Altıağac" İstirahət Mərkəzindən bildirilib ki, məsələ araşdırılıb və müştərinin dedikləri doğrudur: “Haqlı şikayətdir, dediyimiz heç bir şey orada yaşananlara haqq qazandırmayacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)