Sosial iqtisadiyyat

Tender elanlarının "müəmmalı" mətnləri: nə alınacağı bilinmir

 

Büdcə korrupsiyasının çiçəklənməsinin əsas səbəblərindən biri də dövlət satınalmalarında şəffaflığın olmamasıdır.
Son illər dünyada elektron satınalmalar, bəzi ölkələrdə hətta internet üzərindən onlayn translasiya olunan tender və hərraclar bu sahədə şəffaflığın əsas mexanizmlərindən birinə çevrlib.

 

ENA.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, son 3-4 ildə Azərbaycan hökuməti də elektron satınalmaların təşkililə bağlı qanunvericiliyə dəyişiklik edib, etender.gov.az saytı yaradılıb və s. Amma önəmli olan mexanizmin nə dərəcədə effektiv işləməsi, formallıq xatirinə deyil, gerçək çalışmasıdır.
 

"Cəmi bircə nümunə deyim, özünüz nəticə çıxarın. "Dövlət satınalmaları haqqında" Qanunun 2 və 4-1-ci maddəsinə görə, bu qanunun təsir dairəsinə düşən bütün dövlət təşkilatları öz satınalma planlarını yuxarıda qeyd elədiyim elektron satınalma portalında yerləşdirməlidirlər - yəni bu məcburi bir öhədlikdir. Xeyli sayda təşkilat yerləşdirməyinə yerləşdirir, amma qanunun tələbini pozmaqla. Belə ki, 2 və 4-1-ci maddəyə görə, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, tərkibi, həcmi, miqdarı və ölçüsü əks olunmalıdır. Saytda yerləşdirilən xeyli sayda planda ad göstərilir, amma satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, miqdarı, həcmi və ya ölüsü barədə hər hansı nümunə yoxdur.
Məsələn, Füzuli rayonu İH-nin planında göstərilir: "uşaq baxcaları körpələr evi üzrə digər xərclər". Miqdarı göstərilir 1 ədəd. Lakin nə satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, nə də onların ölçüsü və ya həcmi barədə heç bir informasiya yoxdur.
Yaxud Ağdam rayon İH-nin satınalma planında göstərilir: "sair torpaq, tikili və avadanlıqların satın alınması", "maşın və avadanlıqların satın alınması" və s. Bu planlarda da nə tərkib (hansı növ maşın və avadanlıq) var, nə həcm və miqdar var".

 

R.Ağayev hesab edir ki, qanunun nəzərdə tutduğu tələblərə və informasiya açıqlığına uyğun olmayan belə satınalma planların internet vasitəsilə açıqlanması nəyi dəyişir ki? Ən azından şəffaflığı artırmır. Çünki minimum şəffaflıq tələb və standartlarına belə cavab vermir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)