Nazir İnam Kərimovun qardaşına yüksək vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.
Qeyd edilib ki, 2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.
Mətin İmdad oğlu Kərimli 6 iyun 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib. 2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib. 2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi vəzifələrində çalışıb.
2012-ci ilin iyun ayından 24 fevral 2014-cü ilə qədər isə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifəsində işləmişdir.
24 fevral 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini təyin olunub.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.
Mətin Kərimli 2014-cü ilin fevral ayından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, Mətin Kərimli Kənd Təsərüfatı Naziri İnam Kərimovun qardaşıdır.