Aydın Hüseynov “AFB Bank”ın rəhbərliyindəki vəzifəsindən gedib
“AFB Bank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Aydın Hüseynov vəzifəsindən ayrılıb.
ENA.az xəbər verir ki, bu barədə Banker.az saytının banka yaxın mənbələrdən əldə etdiyi məlumatda deyilir.
Son bir neçə ayda yeni sədr [Orxan Xubanlı] vəzifəyə təyin edilənə qədər, A.Hüseynov İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.
Aydın Hüseynov, 1996-2000-ci illərdə Türkiyə Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.
Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.