Bakı Dövlət Sirkində yeni fırıldaq: kassada bilet həm var, həm də yoxdur
“Bakı Dövlət Sirki nümayiş olunacaq tamaşalar üçün biletləri kassadan satmır və biletlərin elan olunmazdan əvvəl topdansatışı həyata keçirilir”.
Bunu açıqlamasında şikayətçi S.Bağırov deyib.
Onun sözlərinə görə, Bakı Dövlət Sirki biletləri satandan sonra bilet satışı barədə elan verir: “Bilet almaq üçün getdim və təsəvvür edin ki, Bakı Dövlət Sirkinin kassasının qarşısında heç kim yox idi. Kassanın qarşısında yalnız yanvar ayının 1-nə kimi biletlərin satışı haqqında elan vurulub. Məsələn, dekabrın 28-də 15:00 üçün, 29-na 12:00 və 15:00 üçün biletlər qalmışdı. Ayın 1-i üçün isə yalnız saat 12:00-ın biletləri qalmışdı. Mən ayın 2-si üçün bilet istəyirdim. Mənə ayın 2-si üçün biletlərin satışa çıxarılmadığı bildirildi və dedilər ki, nə zaman satışa çıxarılacağı da bilinmir. Həmin zaman daha bir müştəri də gəldi. Məlum oldu ki, o da günlərlə zəng edərək sirklə əlaqə saxlasa da ona ayın 1-i üçün heç bir bilet satışı olmadığı deyilib. Növbəti günü zəng edəndə isə ayın 1-i üçün satış elan olunduğu bildirilsə də, yalnız saat 12:00-a bilet qaldığı məlum oldu, öz də 20 manata. Bu, necə olur? Hər gün zəng vurmağına baxmayaraq deyirmişlər bilet yoxdu, amma satış günü zəng edəndə deyirlər yalnız 12 üçün, özü də 20 manatlıq bilet qalıb. Bununla bağlı biz sirkin administratoru ilə görüşdük və şikayətimizi bildirdik ki, hər gün zəng edən zaman bilet satışının elan olunmadığı deyilir, amma bura gələn zaman artıq biletlərin satıldığının şahidi oluruq. Biz ən əsası biletlərin kassadan satışının niyə həyata keçirilməməsinin səbəbini soruşduq. O bizə dedi ki, biletləri kampaniyalara və şirkətlərə veririk”.
Şikayətçi qeyd edib ki, sirkin administratoru yanvarın 2-nə bilet olduğunu desə də, bunu kassada satmağın sərf etmədiyini bildirib: “O, bizim ikimizə də istədiyimiz tarixin saatına uyğun bilet verdi. Yəni deməyim odur ki, sirk biletləri kassadan satmır. Çünki topdansatış şəkildə satması ona sərf edir. Tamam fərqli şəkildə satış həyata keçirilir. Mənimlə birlikdə bilet almağa gələn müştəri deyir ki, ayın 1-i üçün bilet satışının sabahdan başladıldığını desələr də, əslində, satışın 1 həftə öncə başladıldığı məlum olub. Buna görə də kassalarda bilet qalmır. Bununla da müştəriləri aldadırlar. Eyni zamanda yanvarın 2-si üçün biletlərin satışını kassada qoymurlar və satışın elan olunacağını deyirlər. Amma həmin biletləri artıq müxtəlif təşkilatlara paylayıblar, kassalara isə verməyiblər. Burada məqsəd nədir? Axı müştəri sirk tərəfindən biletlərin həqiqətən də təşkilatlara verilib-verilmədiyini haradan bilsin? Bəlkə, ələ verirlər? Yəni, tamamilə nizam-intizamsız bir satış həyata keçirilir”.
Bakı Dövlət Sirkinin administratoru Tapdıq Tapdıqov isə bildirilib ki, biletlər idarələrə verilir və biletlərin pulu sirkin hesabına köçürülür:
“Biz müştəriləri aldatmırıq. Müştəri 1 ay öncə satışa çıxarılan bilet üçün bu gün gəlirsə, bu, bizim günahımız deyil. Biz axı müştərinin gəlişini gözləməli deyilik. Biz ötən il xaricdən gələn artistin də pulunu borca girərək ödəmişik. Biletlərin gizli satışının həyata keçirilməsi barədə məlumatlar əsassızdır. Biletlər yalnız elan olunduqdan sonra satışa çıxarılır. Bunu da hamı bilir. Bu gün biz siyahını yazıb kassalara təhvil vermişik. Həmin siyahıda yanvarın 12-nə qədər satışa çıxarılan bütün biletlər təqdim olunub. Amma qiymətlər barədə mən heç nə deyə bilmərəm. Çünki bilet qalıbsa kassaya verilib. Əgər müştəri ayın 1-nə bilet tapa bilmirsə, 2-nə və ya 3-nə alsın. Mütləq vacib deyil ki, ayın 1-nə və ya 2-nə alsın. Mart ayında topdansatışı ləğv edib kassa satışına keçən zaman xeyli borca düşdük. Ondan sonra yenidən biletlərin topdansatışına qərar verdik. Çünki bir tamaşa üçün bir idarə kütləvi şəkildə bilet alırsa, mən bu cür müştərini necə itirim? Axı müştərilərin irad tutması ilə deyil, onlar fikirləşməlidir ki, biz də bu tamaşalara pul xərcləyirik və bu pulu çıxarmalıyıq. Biz çalışırıq ki, tamaşaçı zalında boş yer qalmasın. Biletlərin topdansatış və pərakəndə satışı qiymətində fərq yoxdur, hər iki halda eyni qiymətə satılır".