Bakının böyük klinikasından böyük satınalma
Bakıda çoxprofilli müasir klinikanı idarə edən "Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs" böyük məbləğdə dərman preparatları və tibbi sərf ləvazimatlar satın alıb.
"ENA" xəbər verir ki, Mərkəz "Pharmanova" MMC ilə məbləği 1 milyon 300 min manat olan müqavilə bağlayıb. Müqavilə "Dərman preparatları və tibbi sərf ləvazimatlarının satınalınması"nı nəzərdə tutur.
Həmçinin "Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs" "Azəri-Med" MMC-dən 30 min 243 manatlıq informasiya texnologiyaları avadanlıqları, "Universal Supplier Company"dən 5 min 347 manatlıq təmizlik malları alıb.
Bakı Sağlamlıq Mərkəzi 2014-cü ilin Yanvar ayında istifadəyə verilib. Açılış zamanı bildirilmişdi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır.