"EuroHome", "Diqlas", "Sədərək", "Binə": yanğınlar davam edir, sığorta yenə yoxdur - NİYƏ?
"EuroHome" ticarət mərkəzində baş verən yanğın kommersiya obyektlərinin sığortalanmasının əhəmiyyətini bir daha gündəmə gətirdi.
Sığorta eksperti İlkin Nəcəfov bildirib ki, 2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. "EuroHome", "Diqlas", "Sədərək", "Binə" və digər ticarət mərkəzlərindəki yanğınlar zamanı sığorta sahəsindəki çatışmazlıqların şahidi olmuşuq: "Bu tip ticarət mərkəzlərində yanğından mühafizə tədbirləri kustar qaydada həyata keçirilir, binaların tikintisində nöqsanlar müşahidə edilir, yanğın təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmur, elektrik naqillərinin çəkilməsində uyğunsuzluqlara yol verilir. Bu kimi hallara görə sığorta şirkətləri həmin ticarət mərkəzlərindəki riskləri sığortalamaqda maraqlı olmur. Adları çəkilən ticarət mərkəzlərini sığortalamaq həm qanunun tələblərinə görə, həm də risklərin idarə olunması baxmınından sığorta şirkətləri üçün çox riskli və təhlükəlidir. Ona görə də sığorta şirkətləri bəzən bu riskin müəyyən bir hissəsini öz üzərində saxlamaqla təkrarsığorta şirkətlərinə ötürürlər ki, gələcəkdə hər hansı hadisə baş verərsə, zərəri qarşılaya bilsinlər. Lakin beynəlxalq təkrarsığorta şirkətləri bizim bazarda mövcud olan aktivlər haqqında kifayət qədər məlumatlıdırlar və onlar bu riskləri qəbul etməkdən imtina edirlər. Ona görə də məsələyə kompleks yanaşılmalıdır. Sahibkarlar ticarət mərkəzlərini keyfiyyətli materiallardan istifadə etməklə inşa etməli, yanğın təhlükəsizliyi qaydalarına əməl etməlidirlər ki, obyektlərinin sığortalanması ilə bağlı problem yaşanmasın. Məsələn, "Mall" tipli ticarət mərkəzlərinin sığortalanmasında sığorta şirkətləri maraqlıdır. Bu tipli obyektlər həm sığorta, həm də təkrarsığorta şirkətləri üçün çox cəlbedicidir. Çünki bu obyektlərdə yanğından mühafizə normativlərinə əməl edilir, sığorta hadisələri də çox nadir hallarda baş verir".
İlkin Nəcəfov bildirib ki, hər bir sahibkar obyektinin normativlərə cavab verməsində və sığortalanmasında maraqlı olmalıdır. Sığortaya ödənilən məbləğ onlar üçün lüzumsuz xərc yox, faydalı yatırımdır: "Məsələn, bazar qiyməti 500 min manat olan 200 kvadratmetrlik obyektin sığortası illik 1330 manat edir. Bu sahibkar üçün o qədər də ciddi məbləğ deyil. Cəmi 1330 manat ödəməklə 500 minlik risk xilas olmuş olur".