Şirkətin nazirə sarkazm dolu məktubu yayımlandı: İSMA velosipedleri ilə velo yürüşə belə çıxa bilərik
Fazil Məmmədovun 2016-cı ildə baş "kəsib" qan "tökən" vaxtlarında Aztech şirkətinin Vergilər Nazirinə ünvanladığı sarkazm ilə zəngin olan məktubunun mətni
Bildiyiniz kimi, cənab prezidentimiz İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan vətəndaşı hər bir Azərbaycan məmurunun diqqət mərkəzində olmalıdır. Vergilər Nazirliyi və onun vəzifəli şəxsləri Prezidentimizin bu çağırışını öz dünyagörüşlərinə uyğun olaraq elə başa düşüblər ki, məni və mənim rəhbərlik etdiyim şirkəti daima ciddi nəzarət altında və diqqət mərkəzində saxlamalıdırlar. Son 1.5 il ərzində vergi orqanları ilə qarşılaşdığımız situasiya məhz bunu göstərir. Məsələn, şirkətə 11.03.2015-ci il tarixində açılmış növbədənkənar vergi yoxlaması, hər dəfə uydurulmuş səbəblərlə uzadılaraq, hətta ekspertiza təyin edilməsinə belə baxmayaraq, sonda hər hansı bir ekspert rəyi təqdim olunmadan 17.09.2015-ci il tarixində ləğv edilmişdir. 22.02.2016-cı il tarixdə açılmış vergi yoxlaması “ödəyicinin və ya onun rəhbərinin qeyri-müəyyən müddətə Respublikanı tərk etməsi” kimi saxtalaşdırılmış məlumat ilə 24.02.2016-cı il tarixdə ləğv edilmişdir. 21.06.2016-cı il tarixində açılan yoxlama üçün bütün zəruri sənədlər təqdim olunmuş, formalar doldurulmuş, bütün məlumatlar vergi yoxlayıcılarına verilmişdir, hətta şirkətə inventarizasiya təyin edilmiş, mal qalıqları ətraflı olaraq yoxlayıcı tərəfindən yoxlanılaraq, akt tərtib edilsə də, 31.10.2016-cı il tarixində bu yoxlama da dayandırılmışdır.
Ötən bu müddətdə dədəfərlə Bakı Vergilər Departamentindən uydurulmuş hansısa uyğunsuzluqların olması barədə məlumatlar almışıq. Həmin müddətdə elə Vergilər Nazirliyinin yoxlayıcıları tərəfindən şirkətdə yoxlama aparılmasına baxmayaraq, bizdən yenə də əlavə sənədlər tələb olunurdu. Eyni zamanda, Bakı Vergilər Departamenti tərəfindən həmin müraciətlərdə heç vaxt uyğunsuzluqlar barədə konkret sübut, dəlil və ya faktlar göstərilmirdi.
Bu vəziyyəti nəzərə alaraq, həm şirkətin, həm də Vergilər Nazirliyinin işini optimallaşdırmaq məqsədilə, eləcə də gəlirsiz böhran fəaliyyətimizi nəzərə alaraq, təklif edirəm ki, Vergilər Nazirliyi öz inzibati binasında bizim şirkətimiz üçün təmannasız ofis və anbar üçün sahə ayırsın ki, vergi strukturları daima bizi ciddi nəzarətdə saxlaya bilsinlər. Bu hər iki tərəf üçün çox faydalı olacaqdır. Biz böyük maliyyə dəstəyi almış olacağıq ki, bunun sayəsində icarə və saxlama xərclərindən azad olacağıq, Vergilər Nazirliyi isə öz növbəsində bizi ciddi nəzarətdə saxlamaq üçün geniş imkanlara malik olacaq. Həmçinin, belə olan halda biz Vergilər Nazirliyinin vəzifəli şəxsləri ilə daima fikir mübadiləsi aparıb, öz zəngin təcrübəmizi bir-birimizlə bölüşə bilərik. Məsələn, İlkin Vəliyev ƏDV depozitin hesabda necə yaranması ilə bağlı çətinlik çəkəndə, mən ona köməklik göstərə bilərəm. Sahir Məmmədxanov vergi ödəyicilərinin nümayəndəsi ilə “dava”ya çıxanda, mən onu dəstəkləyə bilim. Fərid Cəbrayılov Azərbaycan xanımları ilə, xüsusilə analıq məzuniyyətində olan və süd verən analarla, kobud danışmaq istəyəndə, mən onu həvəsləndirib, ona dəstək ola bilərəm. Asudə vaxtlarımızda isə şahmat, otüstü xokkey, nərd oynaya, eləcə də güləşə bilərik, hətta İSMA velosipedleri ilə velo yürüşə belə çıxa bilərik.