“Bank Respublika”da mühüm pay dəyişikliyi gözlənilir
Devalvasiyaların mənfi təsirlərini məharətlə dəf etməyi bacarmış banklardan biri olan “Bank Respublika”nın səhmdar strukturunda dəyişiklik gözlənilir. Bankın səhmdarı və ya səhmdarları tərəfindən digər səhmdarın payı əldə ediləcəkdir.
18 Dekabr 2018-ci il tarixində “Bank Respublika” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“BI” Bankın elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Bankın mövcud səhmdar(lar)ı tərəfindən mühüm iştirak payının əldə edilməsinə səhmdarların ümumi yığıncağı tərəfindən razılığın verilməsi”, “Bank Respublika” ASC-də nizamanmənin təsdiq olunması haqqında” və “mükafatlandırma siyasətinin təsdiq edilməsi haqqında” məsələlər daxildir.
Eləcə də bax: Bank Respublika gəlirini ehtiyata qoydu
Hazırda Quliyevlər ailəsi "Bank Respublika"nın 79,05%-nı, Almaniya şirkətləri isə 20,85%-nə nəzarət edirlər.
“Bank Respublika” ASC –nin səhmdarları
49,4044% - Natiq Quliyev
16,5986% - DEG İnvestisiya və İnkişaf Korporasiyası (Almaniya)
7,7385% - Elçin Quliyev
7,4080% - Sevda Quliyeva
7,3241% - Saday Quliyev
7,1733% - Mariya Quliyeva
4,2495% - Sparkassen İnternational Development Trust (Almaniya)
0,1035% - Adları açıqlanmayan 3 hüquqi və 9 fiziki şəxs
"Banklar haqqında" qanuna görə, mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.