Özbəkistanda Hollivudun analoqu tikilir
ABŞ-ın “Daha USA Group” və Çinin “Yiwu Compass Trading” kompaniyaları Özbəkistanın Səmərqənd vilayətinin Aksay Nurabad rayonunda Hollivudun analoqu olan Sollywood kino şəhərciyi tikəcək.
Daryo.uz yazır ki, layihənin reallaşdırılması üçün 160 hektar ərazi ayrılıb. “Cinema City Sollywood” adlı şəhərcikdə çəkiliş üçün pavilyonlardan əlavə, müasir 3 və 4 ulduzlu otellər, restoran və kafelər, mədəniyyət və istirahət parkı, akvapark, kino və konsert zalları da tikiləcək. Layihənin müəllifi Hakimcon Mamasoliyevin sözlərinə görə, artıq 2022-ci ildə şəhərciyin əsas obyektlərində film istehsalı başlanacaq.
Qeyd edək ki, hazırda Özbəkistanda “Özbəkfilm” dövlət unitar müəssisəsi ilə yanaşı, hər il yüzə yaxın tammetrajlı bədii, animasiya və sənədli filmlər istehsal edən onlarla fərdi kino şirkətlər fəaliyyət göstərir.