Sosial iqtisadiyyat

Prezident yeni icra başçılarına tapşırıqlar verib

"Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərib, əvvəlki illərdə də böyük təcrübə toplayıb. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcək.

Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında, indiyə qədər isə Xəzər rayonunda icra hakimiyyəti başçısının müavini kimi işləyib. Yəni, bugünkü təyinatlar da mənim dediyim sözlərin təsdiqidir".

ENA” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

"Təcrübə və gənclərin novatorluğu – bax bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm iqtidar komandasında, bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, təcrübəsi və hazırlığı, eyni zamanda gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meylliliyi, bax bu prinpislərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcək.

Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin. İşsizliklə bağlı olan problemlər öz həllini tapsın. Vətəndaşlarla siz daim təmasda olmalısınız. Bütün mövcud olan problemləri ilk növbədə çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır.

Təbii ki, problemlərin bir hissəsi mərkəzi icra orqanlarının səlahiyyətindədir və belə olan halda mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız və eyni zamanda Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları siz özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə də, vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır. Bu sizin iş qrafikinizdə əsas prioritet məsələ kimi olmalıdır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department