Rəsmi

TANAP-ın II hissəsinin açılışına son hazırlıqlar görülür

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) noyabrın 30-a planlaşdırılan açılış mərasimi üçün Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində son hazırlıqlar görülür.

Bunu  açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş.”nin xarici əlaqələr üzrə rəhbəri Murat LeKompte deyib.

O bildirib ki, 1850 km uzunluğunda olan TANAP Türkiyədə 20 şəhərdən və 67 qəsəbədən keçərək, ölkənin Şərqi ilə Qərbini bir-birinə bağlayır: “İki çıxış nöqtəsi olan boru kəmərinin ilk çıxışı Eskişəhərdə, ikinci çıxışı isə Edirnə şərhərindədir.Ötən ilin iyun ayında Eskişəhərdə TANAP-ın birinci hissəsinin (Faza-0) açılışını reallaşdırmışdıq. İndi isə boru kəmərinin ikinci, Avropaya qaz nəql etmək üçün nəzərdə tutulan hissəsi tamamlanıb və onun açılışını sabah həyata keçirəcəyik”.

“SOCAR Turkey” rəsmisi qeyd edib ki, TANAP-la bu günə qədər 3 mlrd. kubmetr qaz nəql edilib: “TANAP-ın illik ötürücülük gücü 16 mlrd. kubmetrdir. TANAP tam gücü ilə çalışdığı zaman bu göstəricinin 6 mlrd. kubmetri Türkiyə bazarına veriləcək, 10 mlrd. kubmetri isə hazırda olduğumuz bu yerdən Avropaya ixrac ediləcək. Bu, tarixi bir gündür. Tarixdə ilk dəfə Xəzər qazı, Azərbaycanın təbii qazı Avropaya nəql ediləcək”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Eskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.

TANAP-da “Cənub Qaz Dəhlizi” QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Turkey” Enerji A.Ş” (7%) pay sahibidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)