“Azərkosmos”da 308 milyon manatlıq zərər
“Azərkosmos” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 676 milyon 223 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15% çoxdur.
2017-ci ildə “Azərkosmos”un cəmi öhdəlikləri 8,7% artaraq 811 milyon 772 min manata çatıb, cəmi kapitalındakı çatışmazlıq isə 14,6% azalaraq 135 milyon 549 min manata düşüb. Qeyd edək ki, əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.
2017-ci ildə “Azərkosmos”un satışdan gəlirləri 37 milyon 87 min manat (32,4% çox), xidmətlərinin maya dəyəri 33 milyon 727 min manat (10,5% çox), ümumi və inzibati xərcləri 8 milyon 248 min manat (27,2% çox), maliyyə xərcləri 13 milyon 808 min manat (83,8% az), maliyyə gəlirləri 5 milyon 205 min manat (0,2% az), digər xərcləri 2 milyon 608 min manat (bundan əvvəl gəlir olub) təşkil edib.
Son nəticədə “Azərkosmos” ötən ili 16 milyon 98 min manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 5 dəfə azdır. Bununla belə, şirkətin yığılmış zərəri 5,5% artaraq 308 milyon 154 min manat olub.
Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 milyon 610,6 min manatdır.