Azərbaycanın qızıl ixracından gəlirləri arta bilər - RƏYLƏR
“2017-ci ilin aprel ayından 2019-cu ilin noyabrın 1-dək həyata keçirilən ixraclar nəticəsində 154 523 unsiya qızıl, 252 746 unsiya gümüş ixrac edilib. İxrac əməliyyatlarından, ümumilikdə, 350 milyon manatdan çox (təqribən, 265 milyon ABŞ dolları səviyyəsində) xarici valyuta ilə gəlir əldə edilb”.
Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) verilən məlumatda bildirilib. Eyni zamanda qeyd edilib ki, 2019-cu ilin 10 ayı ərzində Çovdar yatağından 46 160 unsiya qızıl, 85 209 unsiya gümüş hasil edilib: "2020-ci ilin hasilat planına əsasən, 55 000 unsiya qızıl, 99 359 unsiya gümüşün satışı nəticəsində 75 milyon ABŞ dollarından çox gəlir əldə edilməsi planlaşdırılır (qızılın ehtimal qiyməti 1350 ABŞ dolları/unsiya, gümüşün ehtimal qiyməti 16 ABŞ dolları/unsiya götürülüb).
“AzerGold”dan bildirilib ki, Filizçay yatağı ehtiyatlarının həcminə görə Avropanın ən böyük yataqlarından hesab edilir və dünya polimetal yataqlarının ilk onluğuna daxildir: "Yataq üzrə ehtiyyatlar beynəlxalq NI43-101 standartlarına əsasən hesablanıb. Yataq üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi hazırlanıb və ilkin iqtisadi göstəricilər müsbət təsir bağışlayır. Ehtiyyatların artırılması və təsdiqi və nəticədə layihənin iqtisadi rentabelliyinin daha da yüksəldilməsi üçün xarici ekspertlərin rəyinə əsasən çöl-tədqiqat işlərinə cari ilin sonunadək başlanılacaq. 2025-ci ildə yataqda hasilat işlərinə başlanması və istismar müddətinin 27 il aparılması planlaşdırılır.
Bildiyiniz kimi, mədəniyyətimizi, tariximizi, incəsənətimizi əks etdirən 3 müxtəlif dizaynda hazırlanan qızıl və gümüş sikkələr və qızıl külçələr “AzerGold” QSC tərəfindən 2019-cu ilin fevral ayından etibarən satışa buraxılıb. Hal-hazırda paytaxtımızın 12 müxtəlif satış nöqtəsində külçə və sikkələrin satışı həyata keçirilməkdədir. Qeyd edək ki, sozügedən qiymətlilər Çovdar Filiz Emalı sahəsində hasil olunan metaldan İsveçrənin dünyaca nüfuzlu “Argor Heraeus” şirkəti tərəfindən aparıcı texnologiyalardan istifadə edilməklə 999,9 əyarda hazırlanıb. Ciddi keyfiyyət nəzarətindən keçən sikkə və külçələr məhsulun ən yüksək standartlara uyğun keyfiyyətdə hazırlandığına təminat verən müvafiq keyfiyyət sertifikatları ilə təmin olunur. Gələcəkdə milli dəyərlərimizi təbliğ edən digər müxtəlif dizayn və növlərdə də məhsulların istehsalı planlaşdırılıb.
“AzerGold” QSC yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, cari ilin əvvəlindən bugünədək Çovdar, Ağyoxuş, Mərəh, Tülallar, Ortakənd sahələrində faktiki dərinliyi 41 621 metrdən çox olan 290 quyu qazılıb.
Çovdar filiz emalı sahəsində hazırda oksid mərhələsinin istismarı, sulfid mərhələsi üzrə də kəşfiyyat və tədqiqat işləri aparılmaqdadır. Sahədə dərin qatlarda olan ehtiyatların 2024-cü ildə hasilata verilməsi üçün ehtiyatların artırılması, Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə sənədləri hazırlanmaqdadır. Çovdar mədənin yaxınlığında yerləşən Ağyoxuş və Mərəh sahələrində hasilat işlərinin 2021-ci ildə başlanması üçün tədqiqat və kəşfiyyat işləri tamamlanmaq üzrədir, hazırda ehtiyyatların hesablanması və mədən layihələndirmə işləri görülür. Göygöl rayonunda yerləşən Tülallar sahəsində 2022-ci ildə hasilat işləri üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri davam etdirilir. Adıçəkilən rayonun Kürəkçay və Kəpəz sahələrində 2020-ci ildə kəşfiyyat proqramı çərçivəsində geofiziki tədqiqatların geniş ərazidə aparılması gözlənilir. Qazax rayonunun Dağkəsəmən və Naxçıvan MR-nın Culfa rayonunun Göydağ sahələrində isə ilkin geoloji məlumatlar toplanır və emal edilir.
Beynəlxalq məsləhətçi şirkət tərəfindən Tülallar yatağının potensialı 500 min unsiya qızıl olaraq qiymətləndirilir. Ağyoxuş yatağının potensialı resursları isə təqribən 100 min unsiya qızıl olaraq proqnozlaşdırılır. Lakin bu potensialları hasil ediləcək ehtiyyatlar kimi hesablamaq üçün kəşfiyyat, kimyəvi və metallurji analizlər, mədən layihələndirmə və digər zəruri işlər görülməlidir və bu istiqamətdə qrafik üzrə işlər aparılır".
Bəs görəsən dünya bazarında qızılın qiymətində hansı dəyişikliklər müşahidə edilir?
Bu barədə “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru Nəriman Yaqubovverdiyi açıqlamada bildirib ki, qızılın qiymətində müvəqqəti azalma müşahidə olunur:
“BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin Portfel idarəçiliyi departamentinin direktoru Nəriman Yaqubov:
"Növbəti ilin ortalarına qədər qızılın 1 unsiyasının qiyməti 1600-1700 dollara qədər arta bilər".
"Qızılın beynəlxalq bazarlarda qiyməti ümumi geopolitik vəziyyətdən asılı olaraq dəyişir. Son 7-8 aya qədər dünya bazarlarında qızılın qiymətində artım tendensiyası davam edirdi. Beynəlxalq məkanda BREXİT və ABŞ prezidentinin impiçment məsələsi, eyni zamnda ABŞ-da gözlənilən maliyyə böhranı qızılın qiymətini artmasını dəstəkləyən faktorlardan idi. Nəticədə insanlar riskli aktivlərdən, yəni səhmlərdən, yüksək istiqrazlardan, daha az riskli aktivlərə keçid edirdilər ki, bunlardan biri də qızıldır. Digər tərəfdən, Avropa dövlətlərində, eyni zamanda dünyanın digər inkişaf etmiş ölkələrində dövlət istiqrazlarının gəlirlilikləri mənfi göstəricilərlə ifadə olunur. Hətta Almaniyanın 30 illik istiqrazları belə mənfi gəlirlilikdədi. Qızıl gəlir gətirməsə də, ona bir riskli aktiv olaraq pul da xərclənmir. Yəni investorlar mənfi gəlirliliyi olan istiqrazları alanda öz vəsaitlərindən pul ödədikləri halda qızıl alışında belə bir hal yoxdur. Ona görə də böyük investorlar, banklar öz vəsaitlərinin bir hissəsini qızıla yönləndirmişdilər. Sadalanan səbəblərə görə uzun müddət idi ki, dünya bazarlarında qızılın və gümüşün qiymətində artım müşahidə olunurdu. Lakin son dövrlərdə BREXİT məsələsində, ABŞ və Çin arasında münasibətlərin normallaşması və müqavilə imzalanması istiqamətində irəliləyişlərin əldə edilməsi investorlarda riskli aktivlərə güvən əmələ gətirdi və tədricən qızıldan uzaqlaşma başladı. Artıq investorlar qızılı sataraq riskli aktivlərə üz tuturlar. Buna görə də qızılın qiymətində müvəqqəti azalma müşahidə olunur. Lakin düşünürəm ki, bu müvəqqəti bir haldır. Yaxın zamanlarda qızılın qiymətində artım tendensiyası davam edəcək. Hətta növbəti ilin ortalarına qədər qızılın 1 unsiyasının qiyməti 1600-1700 dollara qədər arta bilər. Təbii ki, qiymətlərdə müşahidə olunacaq artım Azərbaycanın da qızıl ixracatından gəlirlərini artıracaq".
“Unicapital” İnvestisiya Şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribovun sözlərinə görə dünya iqtisadiyyatında vəziyyət pisləşərsə qızılın qiyməti daha da artacaq:
“Unicapital” İnvestisiya Şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribov
"Qızıl bazarındakı yüksəliş növbəti illərdə də davam edə bilər".
"Dünyada qızılın qiyməti yalnız ən qiymətli metalın dinamikasını əks etdirmir, həm də maliyyə bazarlarında əhval-ruhiyyənin göstərici alətidir. Son zamanlarda qızılın qiyməti və ona tələbat artıb, çünki böhran dövründə bu metaldan sığınacaq yeri kimi istifadə xeyli populyar olub.
Bunu qızılın qiymətinin S&P500 indeksinə olan nisbətinin qrafik təsviri də sübut edir:
Dünya iqtisadiyyatının zəifləməsi gələn il qızılın qiymətini dəstəkləyən amillərdən biri olacaq. İnvestorlar kapitallarının bir hissəsini təhlükəsiz və qorunan aktivlərə köçürəcəklər ki, qızıl da bunlardan biridir. Buna görə qızıl bazarındakı yüksəliş növbəti illərdə də davam edə bilər.
Ancaq ABŞ və Çin arasındakı ticarət münaqişəsi müsbət həll edilərsə, qızılın qiyməti təzyiq altına düşə bilər. Bu vəziyyətdə qeyri-müəyyənlik maliyyə bazarlarını tərk edəcək, investorlar isə yenidən daha az qorunan aktivlərə üstünlük verəcəklər. Qızıl qorunan aktiv kimi onların marağından düşə bilər".