Azərbaycanda ixtira adında xüsusi adlar və jarqonlardan istifadəyə qadağa qoyulub
Azərbaycanda ixtira adında xüsusi adlar, abreviaturalar, əmtəə nişanları, coğrafi göstəricilər və jarqonlardan istifadəyə qadağa qoyulub.
ENA.az xəbər verir ki, Nazirlər Kabineti “Patentin alınması barədə iddia sənədinə aid Tələblər”i təsdiq edib.
Bu Tələblər Azərbaycan Respublikasında ixtira, faydalı model və sənaye nümunələrinə patentin alınması üçün Əqli Mülkiyyət Agentliyinə verilən iddia sənədinə dair tələbləri müəyyən edir.
İxtira, faydalı model və sənaye nümunəsinə patent almaq üçün hər bir hüquqi və ya fiziki şəxs iddia sənədi verə bilər. İddia sənədi iddiaçının özü, onun səlahiyyətli nümayəndəsi və ya Agentlikdə qeydiyyata alınmış patent müvəkkili vasitəsilə elektron qaydada, yaxud poçt vasitəsilə göndərilməli və ya birbaşa Agentliyə təqdim olunmalıdır. Agentliyin və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin qurumlarda onların əmək münasibətlərinə xitam verildikdən sonra bir il müddətində patent barəsində iddia sənədi verə bilməzlər. Xarici hüquqi və fiziki şəxslər tərəfindən iddia sənədi Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, yalnız Agentlikdə qeydiyyata alınmış patent müvəkkilləri vasitəsilə verilir.
İddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, onun səlahiyyətləri iddiaçı tərəfindən verilən etibarnamə ilə təsdiq edilir. Başqa dildə yazılmış etibarnamənin Azərbaycan dilinə tərcüməsinin təsdiqlənmiş surəti əsl nüsxəyə əlavə olunmalıdır. Bir etibarnamə eyni iddiaçının bir neçə iddia sənədinə, eləcə də həmin şəxsin gələcəkdə verilməsi nəzərdə tutulan iddia sənədlərinə aid edilə bilər. Etibarnamə təqdim edilmədikdə, nümayəndənin (patent müvəkkilinin) iddia sənədi üzrə hərəkətləri etibarsız sayılır. İddiaçı etibarnamə əsasında iddia sənədi üzrə yeni nümayəndə və ya patent müvəkkili təyin etdikdə, eyni iddia sənədinə dair əvvəl verilmiş etibarnamə ilə həyata keçirilmiş hərəkətlər öz qüvvəsini saxlayır.
Patentin alınması üçün ərizə təqdim olunmalıdır. Ərizənin nümunəsi, doldurulması və təqdim edilməsi qaydası Agentlik tərəfindən müəyyən edilir. Iddiaçı bir neçə fiziki şəxs olduqda, ərizə onların hər biri və ya səlahiyyətli nümayəndəsi, yaxud onların birlikdə müəyyən etdikləri səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır. Ərizəyə qoşulan iddia sənədi bir ixtiraya və ya faydalı modelə, yaxud öz aralarında vəhdət təşkil edən bir qrup ixtiraya və ya faydalı modelə aid edilməlidir.
İddia sənədinin tərkibinə aşağıdakılar daxildir:
– ixtiranın və ya faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;
– ixtiranın və ya faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
– iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar;
– sənaye nümunəsinə dair məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan məmulatın şəkillər dəsti;
– sənaye nümunəsinin mahiyyətini açıqlamaq üçün zəruri olduğu halda, məmulatın ümumi görünüşünün çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi;
– sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri;
– sənaye nümunəsinə dair məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkillər, şəkillər, o cümlədən kompüter qrafikası, reproduksiya və başqa üsullarla yerinə yetirilmiş şəkillər;
– referat.
İxtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı iki və daha çox fiziki şəxs olduqda, patentdən istifadəyə dair onlar arasında bağlanılmış müəllif müqaviləsinin, iddiaçı işəgötürən olduqda patent hüququ obyektinin yaradıcısı olan müəlliflərlə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin, yaxud sənaye mülkiyyəti hüququ obyektinin yaradılması barədə xidməti tapşırıq müqaviləsinin surəti iddia sənədinə əlavə olunmalıdır. İxtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunəsi Agentlik tərəfindən müəyyən edilir.
İddia sənədinin verildiyi gündən 1 ay ərzində iddiaçının barəsində iddia sənədi verdiyi ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişmədən iddia sənədinin materiallarına düzəlişlər və əlavələr etmək hüququ vardır. Dəyişikliklər ekspertin təklifi ilə də aparıla bilər. İddia sənədində göstərilmiş ixtira, faydalı model və sənaye nümunəsinin mahiyyətini dəyişən və iddia sənədinin əvvəlki materiallarında olmayan əlamətlərə malik əlavə materiallar iddia sənədinə baxılarkən nəzərə alınmır və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi tərtib edilə bilər. Patent verilməsi barədə ərizə Azərbaycan dilində tərtib olunur. İddia sənədinin digər materialları Azərbaycan dilində və ya başqa dildə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilində tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay müddətində təqdim olunmalıdır. Məlumat axtarışını təkmilləşdirmək və beynəlxalq axtarış sistemlərinə inteqrasiya məqsədilə Agentliyin “Sənaye mülkiyyəti” rəsmi bülletenində dərc edilməsi üçün ixtiranın və faydalı modelin düsturu və referatı Azərbaycan və rus dillərində tərtib olunur.
İddiaçının (iddiaçıların) tam adı, müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı Azərbaycan, rus və ingilis dillərində təqdim edilir. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə uyğun olaraq, xarici hüquqi və ya fiziki şəxs tərəfindən Agentliyə göndərilən (təqdim edilən) beynəlxalq iddia sənədi daxil olduğu tarixdən 2 ay ərzində, iddiaçı onun düsturunun, referatının və təsvirinin Azərbaycan dilində tərcüməsini təqdim etməlidir. Elektron imzadan istifadə edilməklə tərtib olunmuş iddia sənədinin materialları istisna olmaqla, ixtiranın və faydalı modelin Azərbaycan dilində tərtib olunmuş təsviri, düsturu, ixtiranın və faydalı modelin məzmununu ifadə edən çertyoj (çertyojlar) və referat 2 nüsxədə, digər sənədlər isə 1 nüsxədə təqdim edilir.
İxtiranın adı beynəlxalq patent təsnifatı indeksindən (göstəricisindən) sonra verilir. İxtiranın adı aşağıdakı tələblərə cavab verməlidir:
– ixtiranın təyinatını göstərməli, onun mahiyyətinə uyğun olmalı və ərizədə göstərilmiş ixtiranın adı ilə üst-üstə düşməlidir;
– aydın, dəqiq və qısa (yığcam) olmalıdır;
– tək halda ifadə olunmalıdır (tək halda istifadə edilməyən adlar və ümumi struktur formulu ilə əhatə olunan kimyəvi birləşmələrə aid ixtiraların adları istisna olmaqla);
– kimyəvi birləşməyə aid olan ixtiranın adına onun kimyada qəbul edilmiş nomenklaturalardan biri üzrə adı və ya aid olduğu qrupun (sinfin) adı daxil edilməlidir (ixtiranın adına birləşmənin konkret təyinatı, bioloji aktiv birləşmələr üçün isə bioloji aktivliyin növü də daxil edilə bilər);
– eyni və ya istiqamətli şəkildə dəyişdirilmiş bioloji funksiya ilə təbii mənbədən ayrılan və ya başqa yolla alınan nuklein turşusuna, zülala, polipeptidə və ya peptidə aid olan ixtiranın adına maddənin adı, əgər bu aydın şəkildə onun adından irəli gəlmirsə, ixtiranın təyinatını müəyyən edən bioloji funksiyası (fəallığının növü, bioloji xüsusiyyətləri) daxil edilməlidir
– strukturu təyin edilməmiş kimyəvi birləşməyə, tərkibi təyin edilməmiş, o cümlədən biotexnoloji yolla alınan qarışığa və ya onların alınma üsuluna aid olan ixtiranın adına maddənin təyinatı və ya bioloji aktivliyi daxil edilməlidir;
– mikroorqanizm ştammına aid olan ixtiranın adına bioloji obyektin latın dilində cinsi, növü (beynəlxalq nomenklaturanın tələblərinə uyğun olaraq) və ştammın təyinatı daxil edilməlidir;
– bitki və ya heyvan hüceyrələri xəttinə aid olan ixtiranın adına hüceyrələr xəttinin adı və təyinatı daxil edilməlidir
– genetik konstruksiyaya aid olan ixtiranın adına onun təyinatı və ya təyinatı müəyyən edən bioloji funksiyası göstərilməklə adı daxil edilməlidir;
– məhsul və ya üsulun müəyyən təyinat üzrə tətbiqinə aid olan ixtiranın adında, müəyyən təyinatı əks etdirən məhsul və ya üsulun adı verilməlidir (məsələn, əgər ixtira məlum və ya yeni məhsulun dezinfeksiyaedici vasitə kimi tətbiqinə aiddirsə, ixtiranın adı “Dezinfeksiyaedici vasitə” kimi ifadə edilir).
İxtiranın adında xüsusi adlardan, abreviaturalardan, əmtəə nişanlarından, coğrafi göstəricilərdən, reklam, firma və başqa xüsusi adlardan, ixtiranın ifadə olunduğu məhsulun və ya üsulun istifadəçisini iddiaçı (patent sahibi) barədə yanılda bilən əmtəələrin mənşə yerinin adlarından, göstərilən məhsul və ya üsul barədə tərifedici sözlərdən (ifadələrdən), “və s.”, “xüsusən”, “o cümlədən”, “təqribən” və ixtiranın eyniləşdirilməsi məqsədlərini daşımayan analoji sözlərdən istifadə edilməsinə yol verilmir. İddia sənədlərinin tərkibinə daxil olan materiallarda (təsvir, düstur, çertyoj, sxem, şəkil, referat və s. materiallar) cəmiyyətin maraqlarına, humanizm və əxlaq prinsiplərinə zidd olan ifadələrdən, jarqonlardan, qeyri-elmi, qeyri-standart və aydın başa düşülməyən terminlərdən istifadəyə yol verilmir.
Qərara əsasən, Əqli Mülkiyyət Agentliyinə patentin alınması üçün ərizə nümunəsini, onun doldurulması və təqdim edilməsi qaydasını, habelə ixtira, faydalı model və sənaye nümunəsinin yaradılması və istifadəsi ilə bağlı müəllif müqaviləsinin və xidməti tapşırıq müqaviləsinin nümunələrini müəyyən etmək tapşırılıb.