Sosial iqtisadiyyat

Bu məhsullar ƏDV-dən azad olunacaq - NAZİRDƏN AÇIQLAMA

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb.  

ENA.az xəbər verir ki, M.Cabbarov noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir.

“Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.

Həmçinin, riskli vergi ödəyicilərinə nəzarətin, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsini, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını özündə ehtiva edir.

Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb.

Bildirək ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir.

“Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır”, - deyə M.Cabbarov əlavə edib.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

Mikayıl Cabbarov qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır.

“Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir”.

Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department