Bu bankın rəhbərliyində dəyişiklik olacaq
Noyabrın 30-da, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncaq Bankın daxil olduğu “Gilan Holdinq” MMC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 206, 466-cı məhəllə (“Kapital Tower”) ünvanında olacaq.
Yığıncağın gündəliyinə “AFB Bank”ın Müşahidə Şurasının və İdarə Heyətinin tərkibinə yenidən baxılması, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.