Rusiya şirkəti Azərbaycan müəssisələri ilə bir neçə razılıq əldə edib
Rusiyanın metal emalı dəzgahları istehsalçısı olan “Stankomashstroy” şirkətinin nümayəndələri bu günlərdə Bakıya səfərləri zamanı Azərbaycan müəssisələri ilə bir sıra razılaşma əldə ediblər.
Bu barədə rusiyalı şirkətin nümayəndəsi Sergey Mozolin bildirib.
O, hələlik konkret olaraq müqavilə imzalamadıqlarını, sadəcə “bir neçə potensial müştəri” ilə avadanlıq modellərini müzakirə etdiklərini diqqətə çatdırıb: “Məsələn, “Azneftkimyamaş” ASC-ə aid bir çox müəssisələr modernləşir, yeni avadanlıqla təchiz olunur. Biz bir neçə kommersiya təklifi göndərmişik və hazırda cavab gözləyirik. Bu ilin sonunadək müsbət nəticə əldə edəcəyimizə inanırıq. Avadanlıq tədarükü isə yəqin gələn il həyata keçiriləcək”.
Rusiyalı iş adamı səfər çərçivəsində Azərbaycan – Rusiya İşgüzar Şurası, AzPROMO, Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə danışıqlar apardıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, bu ilin avqust ayında “Stankomashstroy” Azərbaycanın bir sənaye müəssisəsi ilə “ST 16k20/750” tipli universal vintkəsən tornaçı dəzgahının tədarükünə dair müqavilə imzalayıb və indiyədək bir ədəd dəzgah çatdırılıb.
“Stankomashstroy” şirkəti sadə mexanik dəzgahlardan tutmuş yüksək dəqiqliyə malik müasir emal mərkəzlərinədək müxtəlif dərəcəli istehsalat avadanlığının istehsalı ilə məşğuldur.