MALİYYƏ

Banklar səhm buraxılışını azaldıblar: Sığortada isə 58% artım var

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-sentyabr aylarında 12 mlrd. 835 mln. manat məbləğində qiymətli kağızların dövlət qeydiyyatını həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə MBNP-nin məlumatında deyilir.

Yanvar-sentyabr aylarında Palata 89 emitent (artım 56,1%) tərəfindən 1 mlrd. 312,7 mln. manat məbləğində səhmlərin (artım 36,6%) buraxılışını qeydiyyata alıb.

Banklar 395,8 mln. manat məbləğində səhm emissiyası edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 29,3% azalma deməkdir. Bu isə bankların kapital yetərliyindən irəli gəlir. Sığorta şirkətləri əksinə səhm emissiyasını 57,5% artıraraq 80 mln. manata çatdırıblar. Digər təşkilatlar isə 836,9 mln. manat məbləğində (artım 2,4 dəfə) 72 səhm emissiyası (artım 63,6%) həyata keçirib.

Eyni zamanda cari ilin 9 ayı ərzində 19 emitent tərəfindən 1 mlrd. 626,8 mln. manat məbləğində korporativ istiqrazlar qeydə alınıb. İstiqraz buraxanların sayı 52,5% azalsa da, istiqrazların həcmində 66,3% artım baş verib. Hesabat dövründə kredit təşkilatları tərəfindən 41 mln. manat, digər təşkilatlar tərəfindən 1 mlrd. 585,8 mln. manat məbləğində istiqrazların emissiyası qeydiyyata alınıb.

Yanvar-sentyabr aylarında 9,896 mlrd. manat ümumi məbləğdə dövlət qiymətli kağızları qeydiyyatdan keçib ki, burada 0,8% azalma nəzərə çarpır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)