Azərbaycanda pensiyada - «AMERİKAN MODELİ» - TƏKLİF
Pensiya islahatlarının davam etdirilməsi də vacib amillərdəndir. Pensiya islahatları üzrə “Amerikan modeli”ni təklif edirik. Belə ki, elə vətəndaşlarımız var ki, onların pensiya kapitalı kifayət qədər böyükdür.
Bəzi hallarda hətta 150 min manatdan çox pensiya kapitalı olan vətəndaşlarımız var. “Amerikan modeli”ndə olduğu kimi, həmin vətəndaşlarımıza daha tez pensiyaya çıxmaq və buna uyğun olaraq da kapitalların bir hissəsini 65 yaşına çatmadan istifadə etmək hüquqi verilməlidir. Biz təklif edirik ki, minimum pensiya kapitalı ilə yanaşı, həm də orta pensiya kapitalı anlayışı da qanunvericiliyə daxil edilsin. Orta pensiya kapitalı çox olan vətəndaşlarımız 65 yaşı tamam olmadan pensiyaya çıxmaq hüququ əldə etsin. Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə, o cümlədə qonşu Rusiyada olduğu kimi əmək pensiyası yaşa görə pensiyaya çıxma vaxtlarının fərqləndirilməsinə ehtiyac var.
Vətəndaşa imkan verilməlidir ki, yaşa görə pensiyaya daha tez çıxsın. Bizim pensiya qanunvericiliyində pensiya üzrə müavinətlərin daha tez, əmək pensiya yaşından tez müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu da imkan verəcək ki, yaşa görə pensiya əmək pensiyası ilə müqayisədə daha tez müəyyənləşsin, vətəndaş daha tez yaşa görə pensiyadan istifadə edə bilsin. Azərbaycanda əmək pensiyası hüququ olmayan vətəndaşlarımız 67 yaşında müavinətlər almağa başlayır. Biz bu rəqəmin dəyişdirilməsi vətəndaşa 63 yaşı tamam olduqdan sonra qocalıq müavinatı almaq hüququnun verilməsini təklif edirik.
Eyni zamanda minimum pensiya artıqdan sonra tələb edilən minimum pensiya kapitalında da artımlar var və buna baxılmasına, həmin minimumların da tənzimlənməsinə ehtiyac var. Minimum pensiya məbləği artıqdan sonra dövlətin müəyyən hissəni öz hesabına kompensasiya etməsı məqsədə uyğundur. O baxımdan biz təklif edirik ki, minimum pensiya kapitalı ilə bağlı rəqəmlərə baxılması və dəyişdirilməsi vacibdir ki, daha çox vətəndaşlarımız əmək pensiyasından istifadə edə bilsin.
Nəzərə alsaq ki, orta yaş müddəti uzun deyil. Bəzi hallarda vətəndaşlarımız pensiyaya çıxmadan öncə dünyasını dəyişlər. Bu da onlara o yığımlardan istifadə etməyə imkan vermir.
Pensiya yığımlarında varisliyin tətbiqi də önəmlidir. Bəzi hallarda vətəndaşlarımız yığım edirlər, amma, pensiya yaşı tamam olmadan dünyalarını dəyişirlər. Həmin vətəndaşlarımızın yığımlarının onların varisləri tərəfindən istifadə edilməsinə imkan yaradılmalıdır.
Digər tərəfdən xüsusən əlillik dərəcəsi olan vətəndaşlarımız üçün müavinətlərin məbləğinə baxılmasına və artırılmasına ehtiyac var. Bu il birinci paketdə həmin müavinətlərin artırılması ilə bağlı qərar qəbul edilib. Bu prosesin davamlı olmasına və xüsusən də birinci qrup əlillər üçün sosial müavinətin məbləğinin artıralaraq ən azı minimum əmək haqqı səviyyəsinə çatdırılmasına ehtiyac var ki, həmin vətndaşlarımızın sosial təminatı ilə bağlı hər hansı bir çətinlik olmasın. O baxımdan minimum pensiya, minimum əmək haqqı ilə yanaşı, xüsusən də əlillik dərəcələri üzrə sosial müvinət məbləğlərinin artırılması prioritet olmalıdır. Nəticə etibarilə növbəti aylarda bu istiqamətdə addımların atılmasına ehtiyac var.
Özəl pensiya fondunun yaradılması prosesinin sürətləndirilməsi və vətəndaşlarımıza özəl pensiya fondlarında yığım imkanı verilməsinə də ehtiyac var. Eyni zamanda həmin fondlarda yığılacaq vəsaitin xarici valyutalara indeksasiyası önəmlidir ki, gələcəkdə məzənnədəki dəyişikliklər yaranarsa fondakı yığımlara birbaşa təsir göstərməsin və onların dəyərsizləşdirilməsinə gətirib çıxarmasın.
İqtisadçı ekspert Vüqar Bayramov