Bank

"Bank BTB” “zərərini silməyə” davam edir

Azərbaycanın bank sektorunda daha çox öz şirkətlərinin hesablarını idarə edən və pərakəndə bankçılıqda çox az aktiv olan “Bank BTB” ASC yenidən mənfəət açıqlayıb. Bununla belə bankın aktivləri ilin əvvəlinə nisbətən azalma tendensiyası göstərib. 

Pul vəsaitlərinin həcmi yarıbayarı azaldı

ENA.az xəbər verir ki, bankın daha çox kreditlərdən formalaşan faiz gəlirləri 8 milyon 376 min manatdır. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Xüsusilə bankın inzibati xərclərində kəskin çoxalma müşahidə edilir. Belə ki, ötən ilin eyni dövründə bu xərclər 3 milyon manata yaxın idisə, bu ilin ötən doqquz ayında 10 milyon manata yaxındır. Bank əməliyyat dövründə məzənnə fərqindən 2 min manat qazanıb. Dövrün əvvəlinə bankın pul vəsaitlərinin həcmi 36 milyon 628 min manat olduğu halda, dövrün sonunda 18 milyon 37 min manat azalma qeydə alınıb və pul vəsaitlərinin həcmi 18 milyon 591 min manata düşüb. Halbuki, 2018-ci il, üçüncü rübün sonunda bankın pul vəsaitlərinin həcmi 43 milyon manatdan çox idi. 

Bankın balans hesabatına baxsaq, burada ən çox azalma Mərkəzi Bankdakı müxbir hesabın həcmində nəzərə çarpır. Belə ki, 2018-ci ilin sonunda bu məbləğ 20 milyon manatdan çox idisə, hazırda 3 milyon manata düşüb. 

Ehtiyatdan götürüb gəlirinə əlavə etdi 

“Bank BTB” bu ilin yanvar-sentyabr aylarını 3 milyon 999 min manat mənfəətlə başa vurub, bu, ötən ilin eyni dövrünə nisbətən 83,3% çoxdur. Ümumilikdə bankın əvvəlki illərdən toplanmış 13 milyon 365 min manat zərəri vardı və üçüncü rübün sonuna açıqlanan gəlir hesabına zərərlilik 9 milyon 336 min manata düşdü.  

Bankın faiz gəlirləri 16 milyon manat təşkil edib ki, bunun da 14 milyon manatı məhz kreditlərdən əldə edilən qazancdır. Faizlərlə bağlı xərclər isə 8 milyon 693 min manatdır. Xərclərin 5 milyon 620 min manatı depozitlər üzrə faizlərin ödənilməsinə yönəldilib. Bankın xalis faiz gəliri 7 milyon 331 min manat olub. Qeyri-faiz gəlirləri isə 4 milyon 608 min manata çatıb, lakin qeyri-faiz xərcləri 10 milyon manata yüksəldiyindən bu mənfəəti yeyib və nəticədə bank 1 milyon 337 min manata düşüb. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə ayırdığı 2 milyon 663 min manatı gəlirlərinə əlavə etdiyindən ümumi mənfəəti 3 milyon 999 min manata çatıb. 

Aktivlərinin 56%-i kreditlərdir 

Bu il oktyabrın 1-nə “Bank BTB”nin aktivləri 311 milyon 957 manat olub ki, bu da ötən doqquz ayda 3 milyon manat azalmadan xəbər verir. Aktivlərin 185 milyon 887 min manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edir. Bu isə akitvlərdə kredit portfelinin payının 56%-ə yüksəldiyini göstərir. Ümumiyyətlə, son bir ildə  bankın kredit portfeli 9,8% böyüyüb.

112 milyon manata yaxın kredit alıb 

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 2,5% artaraq 252 milyon 357 min manata çatıb. Depozit portfeli 8% artaraq 119 milyon 549 min manata yüksəlib. Müştərilərin müddətli əmanətlərinin həcmi 90 milyon 468 min manat təşkil edir. Bank digər maliyyə qurumlarından 111 milyon 887 min manat kredit alıb və bu rəqəm öhdəliklərdə ən böyük göstəricidir. 
“Bank BTB”nin balans kapitalı isə 5,3% artaraq 59,6 milyon manata çatıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı