Hesabatlar

Beynəlxalq Bank “şəffaflaşmağa” başlayıb? – HESABATIN TƏHLİLİ

Bank sektorunda əvvəlki imicini bərpa etməyə çalışan Azərbaycan Beynəlxalq Bankı 2019-cu ilin üçüncü rübü üzrə hesabatını daha müfəssəl açıqlayıb. Görünür, bank göstəricilərini yaxşılaşdırdıqca daha açıq olmaya başlayacaq və nəzərə çarpan məsələlərdən biri də ikinci rüb üzrə bəzi rəqəmlərə redaktə verilməsidir. Hər iki amilin başlıca səbəbi isə bankın sağlamlaşdırılması çərçivəsində işlədiyi “Baker McKinsey” audit və konsaltinq şirkətinin irəli sürdüyü tələblərdən qaynaqlanır.  

Əməliyyat aktivlərində nə baş verir? 
ENA.az bankın əsas göstəricilərindən biri olan pul hərəkətinin üçüncü rüb üzrə vəziyyətinə əsasən xəbər verir ki, bankın əməliyyat aktivlərində 479 milyon 427 min manat azalma olub. İlk növbədə banklara verilən kredit və depozitlər 221 milyon 532 min manat, müştərilərə verilən kreditlər isə 236 milyon 140 min manat kiçilib. Digər aktivlərdə azalma 21 milyon 755 min manatdır. 

Ümumilikdə isə bankın müştəriləri depozitləri və cari hesablarında azalma tendensiyası dayanaraq, əksinə 823 milyon 805 min manat xalis artım baş verib. 

Bank verdiyi kreditlərdən 81 milyon 333 min manat faiz ödənişi alıb. Depozit portfelinin artımı ilə paralel faiz ödənişində də yüksəlmə var və faizlər üçün ödəniş xərcləri 39 milyon 357 min manatdır. 

Əmək haqqı xərcləri azalıb 
Maraqlıdır ki, bankın əmək haqqı və kompensasiyalarının həcmində azalma var və bu rəqəm 19 milyondan 13 milyon manata düşüb. 
Ümumilikdə Azərbaycan Beynəlxalq bankının pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma tendensiyası üçüncü rübdə 2 dəfədən çox  azalıb və 320 milyon 844 min manat təşkil edib. Xatırladaq ki, 2019-cu ilin ikinci rübün sonunda artım 705 milyon 514 min manat idi. Nəticədə üçüncü rübün əvvəlinə pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 2 milyard 114 milyon 687 min manat həcmdə olduğu halda, üçüncü rübün sonuna 2 milyard 436 milyon 305 min manata yüksəlib.    

Məqsədli ehtiyatlar artıb 
Azərbaycan Beynəlxalq Bankı  bu ilin yanvar-sentyabr aylarını 322,987 milyon manat mənfəətlə başa vurub, bu isə ötən ilin eyni dövrünə nisbətən 1,2% çoxdur.

Bankın gəlirləri 434 milyon 529 min manat olub, yəni, illik müqayisədə 11,5% artım baş verib. Xərclərdə ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 6,8% təşkil etməklə 184 milyon 86 min manat olub. ABB xüsusi ehtiyatlara 73 milyon 318 milyon manat ayırıb və bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5% azdır. Ümumilikdə bankın mümükün zərərlər üçün yaratdığı məqsədli ehtiyatların həcmi 252 milyon 308 min manat təşkil edir. Bu rübdə bank mənfəət vergisi ödəməyib.

Aktivlərdə kreditin payı 21%-dir   
2019-cu il oktyabrın 1-nə ABB-nin aktivləri 9 milyard  321 milyon 336 min manatdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur. Aktivlərin 1 milyard 994 milyon 816 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Bu isə o deməkdir ki, aktivlərdə kredit portfelinin həcmi cəmin 21 faiz tutur və təbii ki, bu aşağı göstəricidir. Kreditlərin tərkibini ilk dəfə açıqlayan bank göstərir ki, 1 milyard 186 milyon 304 min manatını biznes kreditləri, 597 milyon 307 min manatını daşınmaz əmlak kreditləri, 463 milyon 513 min manatını istehlak kreditləridir. 
Aktivlərin 2 milyard 453 milyon 481 min manatı nağd və ya bloklaşdırılmış nağd vəsaitlərdir. Bankın ticarət və investisiya qiymətli kağızları artır və üçüncü rübün sonuna 1 milyard 262 milyon 691 min manatdır. 

Hüquqi şəxslərin bankdakı pulları artıb 
Hesabat dövründə ABB-nin öhdəlikləri 11,2% artaraq 7 829,995 milyon manata, depozit portfeli 23,7% artaraq 5 461,198 milyon manata yüksəlib. Ancaq rəqəmlərdən görünür ki, bankın hüquqi şəxsləri aktivləşərək, hesablarındakı vəsaiti artırıblar. Fiziki şəxslərin hesabları isə “əriməkdə” davam edərək ötən 9 ayda 1 milyard 138 milyon 878 min manatdan 1 milyard 84 milyon 436 min manata düşüb. Bankın balans kapitalı isə 16,5% artaraq 1 milyard 491 milyon 341 min manata çatıb. 
170 milyon 789 min manat bölüşdürülməyib

Səhmləri dövlətə məxsus olan ABB-nin səhmdar kapitalı  1 milyard 224 milyon 477 min manatdır. Ötən ilin sonuna 152 milyon 197 min manat zərərlə bağlayan Beynəlxalq Bankın bölüşdürülməmiş 170 milyon 789 min manat mənfəəti  var. Başqa sözlə, zərər hissəsini gəlir hesabına bağlasa, bank 18 milyon 592 min manat mənfəəti mövcuddur.      

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı