"Müştəri Bank-ın ən özəlliklərindən biri əməliyyatların əksər hissəsinin ani təsdiq ilə həyata keçməsidir" - MÜSAHİBƏ
Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə ilə müsahibə
Son vaxtlar sahibkarların daha rahat maliyyələşməsi, xidmət alması və banka gəlmədən bir sıra xidmətləri onlayn rejimdə, məsafədən ala bilməsi üçün banklar bir-bir yeniliklər təqdim edirlər. Ölkənin birinci bankı olan Kapital Bank da bu tendensiyadan geri qalmır və geniş çeşidli bank xidmətləri və məhsullarla sahibkarlara dəstək göstərmiş olur. Kapital Bank-da olan bu kimi yeniliklər barədə məlumat almaq üçün Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə ilə söhbət etdik.
-Fərid müəllim, son zamanlar ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət ayrılır. Bu sahəyə Kapital Bank da öz töhfəsini verir. Bəs sahibkarlar niyə məhz Kapital Bank-ı seçməlidirlər?
-Bir müddət əvvəl Kapital Bank kiçik və orta sahibkarlar üçün “İşinizin bir parçasıyıq” adlı layihəyə start verib və layihənin icrasını tam sürətlə davam etdirir. Layihənin əsas məqsədi ölkə üzrə sahibkarlara bankın yeniliklərini, hazırladığı daha müasir, qeyri-ənənəvi məhsullarını təqdim etməkdir. Müştərilərimiz artıq bir sıra yeni məhsullardan istifadə edir və yaxın gələcəkdə daha bir neçə yeni məhsul sahibkarların ixtiyarına veriləcək. Belə ki, artıq kiçik və orta sahibkarlar, Azərbaycan bank bazarı üçün yeni sayılan tarif paketləri, biznes overdraft (hesabda kifayət qədər vəsait olmadıqda, müəyyən limit çərçivəsində mənfiyə çıxmaq imkanı) məhsulları və smart kassalardan istifadə edirlər. Bu məhsullar yaradılarkən müştərilərimizin tələb və maraqları nəzərə alınıb, onların bank xərclərinin daha optimal şəkildə idarə etmələrinə, qısamüddətli maliyyə ehtiyaclarının qarşılanmasına, ölkə iqtisadiyyatına daha böyük töhfələr qazandırılmasına təkan verəcək.
-Sadaladığınız məhsullar nə kimi üstünlüklərə malikdirlər?
-Tarif paketləri bank əməliyyatlarının yerinə yetirilməsi zamanı sahibkarların çəkdiyi bank xərclərinə nəzarət etməsi və xərclərin daha optimal şəkildə idarə olunması üçün əlverişli həll üsuludur. Tarif paketlərinin hər hansı bir növündən istifadə edən sahibkar, yerinə yetirdiyi bank əməliyyatlarının həcmindən asılı olaraq çəkəcəyi xərclərin məbləğini nəinki əvvəlcədən müəyyən edir, hətta uyğun olan tarif paketini özü seçə bilir. Hazırda Kapital Bank-da sahibkarlara əməliyyatlarının həcmindən və əməliyyat növlərinin müxtəlifliyindən asılı olaraq “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” kimi tarif paketləri təklif olunur. Daha çox ölkə daxili köçürmələr edən sahibkarlar öz əməliyyatlarının həcminə uyğun olaraq “Təməl” və “Uğur” paketlərindən istifadə edə bilərlərsə, ölkə xarici köçürmələrdən istifadə edənlər isə əməliyyat dövriyyəsinin həcmindən asılı olaraq “İnkişaf” və “Zirvə” paketlərindən yararlana bilərlər. Tarif paketlərindən istifadə edən sahibkarlar standart bank tariflərinə nisbətdə 75%-ə qədər endirim əldə etməklə yanaşı, bir çox bank əməliyyatları və məhsullarından pulsuz istifadə etmək kimi üstünlüklər əldə edirlər.
Bu il hüquqi şəxslərin və fərdi sahibkarların qısa müddətli maliyyə ehtiyaclarının qarşılanması məqsədilə biznes overdraft məhsulu müştərilərə təqdim edilib. Sahibkarlar öz bank dövriyyələrinin 30%-nə qədər hissəsindən overdraft olaraq istifadə edə və məhsuldan bəhrələnən təxirə salınmaz ödənişlərin maliyyələşdirilməsi tez və çevik şəkildə reallaşdırıla bilər. Qeyd edim ki, overdarft məhsulu girovsuz olaraq təklif olunur.
Daha əvvəl qeyd etdiyim kimi Kapital Bank yeni nəsil smart kassa cihazlarını da sahibkarların istifadəsinə verib. Yeni nəsil kassalar özündə kassa aparatının funksiyaları ilə yanaşı, POS terminal, anbar uçotu sistemi, printer funksiyalarını və bir sıra digər özəllikləri birləşdirir. Yeni nəsil kassalar ödəniş kartı olmadan smartfonlar vasitəsilə təmassız ödəniş qəbulu, ekranda müştərinin imza atması və imzanın çekdə əks olunması, Barcode və QRCode-ların skan olunması və digər funksiyaları ilə seçilirlər. Bundan əlavə olaraq, smart kassalar müştərilərə dərhal cashback, millər və BirBank tətbiqində ürəklər qazandırmaqla yanaşı, ödənişlərini taksitlərə bölməklə həyata keçirmək imkanı verəcək. Xatırladaq ki, bu gün Kapital Bank-ın BirKart taksit kartından istifadə edən 400 000 nəfərdən çox müştəri vardır və bu istehlakçılar sahibkarların quraşdırdığı smart kassaların potensial istifadəsinə çevrilmiş olur. Smart kassaların imkanlarından biri isə, gələcəkdə onların Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiyası nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanının olmasıdır. Bu cihazların daha bir əhəmiyyətli üstünlüyü onun bankın Müştəri Bank sisteminə qoşularaq məsafədən idarə olunması və cihazı onlayn rejimdə izləmə imkanıdır. Həmçinin, Bank sahibkarın istəyinə uyğun funksionalı məsafədən cihaza yükləyə bilər.
-Müştəri Bank sistemi vasitəsilə sahibkarlar nələr əldə edirlər?
-Hazırda sahibkarların banka gəlmədən bank xidmətlərindən istifadə etməsi məqsədilə Kapital Bank bütün sahibkarların Müştəri Bank – internet bankçılıq sisteminə qoşulmasını təşviq edir. Müştəri Bank vasitəsi ilə sahibkarlar həftənin 7 günü, günün 24 saatı fasiləsiz olaraq, öz hesablarlarına nəzarət etmək, köçürmələr və bir sıra digər əməliyyatların icrasını da həyata keçirmək imkanını əldə edirlər. Son günlərdə yeni təqdim edilən, əmək haqqı kartlarının sifarişi və banka gəlmədən ölkə xaricinə köçürmə əməliyyatlarını istifadə etmək kimi əməliyyatları da Müştəri Bank vasitəsilə etmək olar. Məlumat üçün bildirim ki, Müştəri Bank-ın ən əsas özəlliklərindən biri də əməliyyatların əksər hissəsinin ani təsdiq ilə həyata keçməsidir. Yaxın günlərdə həmçinin Hökumət Ödəniş Portalının ödənişləri və əmək haqqı layihəsinə onlayn qoşulmaq imkanı da müştərilərin istifadəsinə təqdim edilib.
-Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlar hara müraciət etməlidirlər?
-Təbii ki, bizimlə işləmək istəyən sahibkarlar bankın istənilən filialına müraciət edə bilər. Lakin bundan başqa Gənclik, Xətai, Səbail, Nəsimi, 28 may filialları nəzdində KOS biznes mərkəzlərimiz fəaliyyət göstərir. Əlavə olaraq qeyd edim ki, bu yaxınlarda sahibkarların daha çox cəmləşdiyi böyük məkanda, daha konkret desək, Binə ticarət mərkəzində yeni şöbəmiz fəaliyyətə başlayıb. Yaxın günlərdə isə Sədərək ticarət mərkəzində də yeni filialımızın açılışı baş tutacaq. Bu filialları açmaqda məqsədimiz sahibkarlara vahid bir mərkəzdə - “bir pəncərə” metodu ilə xidmət göstərməkdir. Hazırda ənənəvi bank məsulları ilə yanaşı, qanunvericiliklə bağlı hüquqi konsultasıya kimi sahibkarları maarifləndirmə istiqamətində də tədbirlər keçirilməkdədir.
-Gələcəkdə sahibkarları hansı yeniləklər gözləyir?
-Gözlənilən yeniliklərə misal olaraq, yaxın gələcəkdə, sahibkarlar üçün nəzərdə tutulan mobil tətbiqinin istifadəyə verilməsi də planlaşdırılır. Yeni tətbiq sahibkarlara hesabları üzrə əməliyyatların icrası və izlənilməsini smartfonlarından idarə etmək imkanı verəcəkdir.
İstifadəyə verilməsi planlaşdırılan yeniliklər sırasında, yeni biznes kartın, həmçinin onlayn mühasibatlıq imkanının yaradılmasını qeyd edə bilərəm. Bir sözlə, əsas məqsədimiz sahibkarların yaxın dostu və məsləhətçisi olmaqdır.