Baş nazir təyinatı: yaxşı nədir, pis nədir...
2018-ci il prezident seçkilərindən sonra Artur Rasizadənin yeni hökumətdə təmsil olunmayacağını eşidəndə necə sevinmişdimsə, Novruz Məmmədovun onun yerinə Baş nazir təyin edilməsi ilə elə o qədər xəyal qırıqlığına uğramışdım. Camaatın meşələrdən yığdığı giləmeyvələrə, otlara-çiçəklərə ödəniş tətbiq etmək kimi acı gülüş və həqarət doğuracaq qərarları narahatlıları bir az da artırırdı.
Yaxşı ki, çox çəkmədi...
Novruz Məmmədovun istefa ərizəsi yazması, Əli Əsədovun Baş Nazir təyin olunacağı xəbərini eşidəndə də çox sevindim. Həmin axşam iki ayrı-ayrı mənbədən aldığım məlumatı xəbərə çevirib yayan ilk jurnalistlərdən oldum. Məlumat dünən səhər rəsmən təsdiqləndi, Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin olundu!
Heç kəs gözləmirdi. Və təbii olaraq bu təyinat gündəmin mövzusuna çevrildi. Çoxlu rəylər, fikir və mülahizələr... İzlədiyim qədər ölkə əhalisinin bu təyinata münasibəti müsbətdir, cəmiyyətə müsbət impuls verib, gözləntilər böyükdür.
Amma tələsik nəticə çıxaranlar da var...
Əslində, dinamik və demokratik cəmiyyət üçün normal bir haldır. Təəssüf ki, yeni Baş nazir haqqında gerçəkliklə əlaqəsi olmayan, qarayaxma məqsədi güdən fikirlər səsləndirlən də tapılır. Məsələn, şəxsinə, savadına və intellektinə böyük hörmət etdiyim iqtisadçı ekspertlərdən biri Azərbaycan ictimaiyyətinin Əli Əsədovu yalnız Bayraq Meydanına görə tanıdığını söyləyir və hətta bir az ironiya ilə indi “həmin meydanda bayrağın olmadığı”na diqqət çəkib.
Əvvəla, elmi ictimiyyət Əli Əsədovu dünya şöhrətli ali məktəbi bitirmiş fəal tədqiqatçı, dərin nəzəri biliyə malik iqtisadçı-alim kimi çoxdan tanıyır. Bir müddət qanunvericilik fəaliyyəti ilə məşğul olduqdan sonra o, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib və iyirmi ildən çoxdur ki, bu vəzifədə çalışaraq ölkəmizin sosial-iqtisadi inkişadına öz nəzəri-praktik töhfələrini verir.
Qaldı Bayraq Meydanı məsələsinə…
Bəli, bu unikal layihənin icrasında Əli Əsədovun böyük əməyi olub. 2010-cu ildə bu Meydanda ucaldılan Dövlət Bayrağımız 2017-ci ilədək dalğalanıb. Bayraq Meydanı və buradakı bayraq dirəyi ilə bağlı məsələlər 2015-ci ilin may ayından Baş nazirin birinci müavini Yaqub Eyyubovun nəzarətindədir. Dirəyin 5 metr uzadılması məqsədilə demontaj edilməsi və Bayraq Meydanının yenidən qurulması da onun rəhbərliyi ilə aparılır. Orada işlərin gedişi barədə ictimaiyyəti məlumatlandırmaq isə hələ ki, yaddan çıxıb. Halbuki, Əli Əsədovun nəzarətində olduğu dövrdə bayraq dirəyi yerində idi, bayraq da dalğalanırdı…
Bundan başqa, sosial şəbəkələrdə Əli Əsədovun bir fotoşəkli də yenidən “aktuallaşdırılıb”. Özü də adi gözlə baxdıqda belə “fotoşop quraması” olduğu asanlıqla görünür. Bu şəkli isə heç bir etik norma gözləməyən internet-media “reketləri” və sosial şəbəkə “qəhrəmanları” yayırlar. Yumşaq desək, bu, açıq qərəzkarlıq və şantajdır!
Hələlik isə hazırkı gerçək mənzərə belədir: cəmiyyətdə Əli Əsədovun Baş nazir vəzifəsində uğurlu fəaliyyət göstərəcəyinə inam çox böyükdür. Bu nikbinlik və təkcə sadə vətəndaşlar deyil, mövcud idarəçilik sisteminə yaxından bələd olan şəxslər arasında da hakimdir.
Sabiq Baş nazir Artur Rasizadə bu vəzifənin məsuliyyət və peşəkarlıq tələb etdiyini vurğulayaraq deyib: “Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu, çox yaxşı seçimdir”.
Azərbaycan cəmiyyətində nüfuzlu siyasətçi, yüksək peşəkarlığa malik iqtisadçı kimi qəbul edilən millət vəkili Vahid Əhmədov da Əli Əsədovu uzun müddətdir tanıdığını, onun ölkəmizdə aparılan iqtisadi islahatlara böyük töhfə verdiyini söyləyib.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev isə Əli Əsədovun namizədliyinin təsdiqlənməsinin “hökumətdəki iqtisadi blokun daha da güclənməsini simvollaşdırdığını” bildirib və bu təyinatı “Prezident İlham Əliyevin siyasətində iqtisadi dinamikanın rəmzi” kimi dəyərləndirib.
Əli Əsədovun Baş nazir vəzifəsində Azərbaycanın sosial-iqtisadi inkişfına yeni bir dinamika gətirəcəyinə inam çox böyükdür. Həm xalqımız, həm də dövlətimiz bunun faydasını mütləq görəcək!
Tələsik qiymət verməyəyək. İzləyək və dua edək ki, hər şey xalqımız və dövlətimiz üçün uğurlu olsun!!