Məşğulluğun dəstəklənməsi üçün kredit ayrılacaq
Azərbaycanda məşğulluğa dəstək layihəsinin hazırlanması məqsədilə Dünya Bankının (DB) Sosial Müdafiə və Əmək Departamentinin iqtisadçı-ekspertləri Maddalena Onoratti və Sandor Karaçoni Bakıya gəliblər.
ENA.az bu barədə DB-nin Bakı nümayəndəliyinə istinadən xəbər verir.
Məlumata görə, hazırda texniki detallarının hazırlandığı layihə üzərindəki işlər gələn ilin mart ayına qədər yekunlaşsa, sənədi DB-nin Direktorlar Şurası 2020-ci ilin iyun ayının sonuna qədər təsdiq edəcək.
Maliyyə dəyəri yaxın aylarda müəyyənləşdiriləcək layihə özməşğulluq proqramının səmərəlilik dərəcəsinin və əhatə dairəsinin artırılmasını, Dövlət Məşğulluq Xidmətinin işə düzəltmə xidmətlərini göstərmək potensialının gücləndirilməsini, həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsini, peşə təlimi mərkəzlərinin daha səmərəli fəaliyyət göstərməsini nəzərdə tutacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Əhalinin özməşğulluğunun təmin olunmasına dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində həyata keçirilən özməşğulluq proqramı əhalinin iqtisadi fəallığının və əmək məhsuldarlığının, ailə gəlirlərinin yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, vergi ödəyicilərinin çoxalmasına, sosial sığorta ödənişlərinin artmasına yönəlib.
Bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev öşməşğulluq proqramının 2020-ci ildə 60 mindən artıq sakini əhatə edərək 15 min mikro təsərrüfatın yaranmasına səbəb ola biləcəyini, İşsizlik Sığorta Fondu hesabına 7 min ailənin, DB vəsaiti hesabına isə daha 7-8 min ailənin sözügedən proqrama cəlb etməyi hədəflədiklərini açıqlamışdı.