Hesabatlar

Dövlət şirkəti böyük məbləğdə zərər açıqladı

Dövlətə məxsus “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 2018-ci ili 31 milyon 714 min manat xalis zərər ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 31,6% azdır. ASC 2017-ci ili 46 milyon 411 min manat zərər ilə bağlamışdı. 

ENA.az  ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın cəmi gəlirləri 829 milyon 402 min manat, cəmi xərcləri isə 861 milyon 117 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb. 

2017-ci ildə ASC-nin cəmi gəlirləri 559 milyon 407 min manat, cəmi xərcləri isə 605 milyon 818 min manat təşkil etmişdi.
31 Dekabr 2018-ci il tarixində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 2 milyard 769 milyon manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 1,1% azdır.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətin əsas vəzifəsi su ehtiyatlarını idarə etmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrini, əsasən də kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təmin etmək, suvarma suyunun bölgüsünü aparmaq, ondan səmərəli istifadə olunmasına nəzarət etmək, torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq, sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirmək, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və sahənin elmi-texniki inkişafını təmin etməkdən ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)