Bakıda nəhəng Çin şirkəti ilə 3 müqavilə imzalandı
Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev Çinin Maşınqayırma Sənayesi Kooperasiyasınin (SİNOMACH) tabeliyində fəaliyyət göstərən CAMCE şirkətinin prezidenti, Korporasiyanın bazar araşdırmaları üzrə direktoru Luo Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr inkişaf edir.
Onun sözlərinə görə, hazırda Azərbaycanda sənaye, o cümlədən tikinti, eləcə də xidmət və maliyyə sektorlarında Çin kapitalı 119 şirkət fəaliyyət göstərir.
Görüş çərçivəsində CAMCE şirkəti ilə 3 sənəd imzalanıb. Bunlar İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC ilə Anlaşma Memarandumları, eləcə də "AS Group İnvestment" MMC ilə mühəndislik, inşaat və təchizat müqaviləsidir.
BAKU STEEL COMPANY İLƏ DƏ MÜQAVİLƏ İMZALAMIŞDIR
2018-ci ilin yayında "China CAMC Engineering Co., Ltd." (CAMCE) şirkəti ilə “Baku Steel Company” arasında Gəncədə metallurgiya zavodları kompleksinin inşası üçün baş podratçı müqaviləsi imzalanıb. 1,17 milyard ABŞ dolları dəyəri olan müqaviləni “China CAMC Engineering”in vitse-prezidenti Van Yuhan və “Baku Steel Company”nin vitse-prezident Mərdan Əliyev imzalayıblar. Beş zavoddan ibarət kompleks barədə məlumat verən “CAMCE”nin Bakı ofisinin rəhbəri Kənan Quluzadə bildirmişdi ki, Gəncədə 93 hektarlıq ərazidə tikiləcək “Azerbaijan Intergrated Steel Mill Complex” ölkəmizdə qeyri-neft sektorundakı ən böyük layihədir. Kompleksin 42 ay davam edəcək inşaat işlərinə 10 min nəfər cəlb olunacaq. Əsasən İtaliyanın “Danilei” şirkətinin avadanlığının quraşdırılacağı kompleks təhvil verildikdən sonra burada təxminən 5 min nəfər daimi işlə təmin olunacaq. Bu, həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ən böyük layihələrdən biridir. Əminəm ki, layihəmiz iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək.