Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar
Dörd ay müddətində sığorta qaydaları və aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi təsdiq edilməlidir
Dövlət başçısı avqustun 19-da “Aqrar sığorta haqqında” 2019-cu il 27 iyun tarixli qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb. Aqrar Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Fərmana əsasən, fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. 2020-ci və 2021-ci illərdə isə fondun nizamnanmə kapitalı müvafiq olaraq 5 milyon manat və 3 milyon manat artırılacaq. Beləliklə, 2021-ci ildə fondun nizamnamə kapitalı 9 milyon manata çatacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Emin Qəribli açıqlamasında bunu yenilik adlandırıb: “Bütün dünyada aqrar sahə yardıma ehtiyacı olan sahədir. Beynəlxalq təcrübəni nəzərə alsaq, aqrar sığorta müəyyən xüsusiyyətlərə malikdir. Aqrar sahə Azərbaycanda prioritetdir və aqrar sahənin qayğıya ehtiyacı var. Aqrar Sığorta Fondunun yaradılması labüddür və vaxtında qəbul edilən bir qərardır. Yeni institutların yaradılması kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edəcək. Müxtəlif sektorlarda maliyyə institutları genişlənir, kənd təsərrüfatında da bunun tətbiq edilməsi labüddür və qaçılmaz bir addımdır”.
“Azərbaycanda tətbiq edilən mövcud kənd təsərrüfatı sığortası fermerlərə sərf etməyən bir formada idi. Amma məhz Aqrar Sığorta Fondunun yaradılması ilə bir sıra güzəştlər olacaq, beynəlxalq təcrübədə tətbiq edilən aqrar sığorta həyata keçiriləcək”, – deyə ekspert bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, bu fərman ilə yeni aqrar sığorta mexanizminin fəaliyyətə başlaması nəzərdə tutulur: “Dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Ölkələrin kənd təsərrüfatı mütəxəssislərinin görüş və səfərləri, əldə edilmiş razılıqlar, təcrübə mübadilələri bu sahədə mövcud sistemləri dərinliklə öyrənməyə imkan verib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb”.
Nazirliyin məlumatına görə, yeni qanun kənd təsərrüfatı sığortası fəaliyyətinin əsaslarının müəyyən edilməsinə, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasına, dövlət-özəl tərəfdaşlığının təmin edilməsinə, kənd təsərrüfatı sığortasının qabaqcıl təcrübə əsasında həyata keçirilməsinə, kənd təsərrüfatı sığortası üzrə ekspertlər institutunun yaradılmasına, kənd təsərrüfatı sığortası üzrə statistik məlumatları özündə cəmləşdirən elektron informasiya sisteminin qurulmasına və s. xidmət edəcək.
Bildirilib ki, yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq. Təkrarsığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin ediləcək, katastrofik fəlakətlər zamanı dövlət büdcəsinin artıq yüklənməsinin qarşısı alınacaq.
“Bu tədbirlər çərçivəsində etibarlı kənd təsərrüfatı sığortası mexanizminin tətbiqi qeyri-neft sektorunda ÜDM-in artırılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına və aqrar sektorun investisiya cəlbediciliyinin yüksəlməsinə də müsbət təsir göstərmək imkanına malikdir. Nəticədə yeni aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı istehsalının davamlılığının təmin edilməsinə yönəlib. Yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq”, – deyə nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, fərmana əsasən, Nazirlər Kabineti fondun nizamnaməsini Kənd Təsərrüfatı Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir.
Sənədə görə, fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və Fermerlər Assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır.
4 ay müddətində sığorta qaydaları və aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi təsdiq edilməlidir.