TURİZM

Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhər siyahısında yer alıb

İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.

Bu barədə  Azərbaycan Dövlət Turizm Agentliyindən bildirilib.

Bu məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.

Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29% artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk 10-luqda qərarlaşıb.

İlk 10-luğa, həmçinin Rusiyanın, Gürcüstanın, Bolqarıstanın, Kiprin və Yunanıstanın şəhərləri də daxil olub.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistlərə hədəflənən kampaniya həyata keçirir.

Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin 12-13 fevral tarixlərində Təl-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində Azərbaycanı təmsil edib.

İsrail mediası üçün Azərbaycana 2 infotur təşkil edilib.  Bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İyul ayından başlayaraq İsrailin 3 500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.

Aylıq 1,4 mln. istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda jurnalın sosial şəbəkələrdəki hesablarında Azərbaycanın turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb.

Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.

Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 082 nəfər təşkil edib.
Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 464 İsrail vətəndaşı səfər edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)