Rəsmi

“Ağ çörək yeyib, qara yeyənləri düşünmürsüz” - Video

Bir neçə gündür ki, yük avtomobillərinin sürücülərinin cərimələnməsi məsələsi geniş müzakirələrə səbəb olub. Belə ki, yayılan məlumatlara görə, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olarkən radara düşürlər və nəticədə 40 manat cərimələnirlər. Çünki qaydalara görə, onların saat 8-dən 22-yə qədər şəhərə buraxılması qadağandır.

BI xəbər verir ki, cərimələnən sürücülər etiraz əlaməti olaraq Dərnəgül yolunda aksiya keçirib, yolu bağlamağa cəhd göstəriblər. Hadisə yerinə baş nazirin müavini Hacıbala Abutalıbov yollanıb. 

Həvəskar çəkilişindən belə aydın olur ki, Abutalıbov problemin həlli üçün xeyli çalışır. Belə ki, o, sürücülərin qarşısında kiməsə zəng edərək  aşağıdakıları bildirir: “Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrı-seçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm”.

Bir qədər sonra Abutalıbov yenidən kiminləsə telefon əlaqəsinə çıxır. Hacıbala Abutalıbovun “qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz” sözləri narazı sürücülərin alqışları ilə qarşılanır. Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib:

“Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Hamını yığıb, bir-bir danışacam. Ümumi qərar qəbul edək, ondan sonra. Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq”.

Sürücülərə bildirilib ki, noyabrın 2-də onların problemləri ilə bağlı yenidən toplanacaqlar.

Məsələ ilə bağlı “Xəzər” telekanalına açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərə güzəşt edilib. Lakin bu güzəştlər 31 oktyabra qədər nəzərdə tutulub. Onun sözlərindən belə aydın olur ki, bu tarixə qədər günün pik saatlarında paytaxta daxil olduqları üçün cərimələnən sürücülər barədə tətbiq edilən təxminən 200-ə yaxın protokol ləğv ediləcək. Bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyi göstəriş verib.

Kamran Əliyev bildirib ki, oktyabrın 31-dən sonra heç bir sürücüyə güzəşt olunmayacaq: “Çünki paytaxtın həm şimal, həm də cənub girişində bir neçə ərazidə yük avtomobillərinin giriş saatını bildirən nişanlar qoyulub. Üstəlik, bu cür qayda pozuntularına texniki vasitələrlə də nəzarət gücləndirilib”.

Xatırladaq ki, 2015-ci ildə Nazirlər Kabinetinin ‘’Yol Hərəkəti Komissiyası’’nın qərarı ilə kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7:30-dan 21:00-a qədər paytaxta girişi qadağan edilib. Qaydaların tətbiqində müəyyən istisnalar da var. Belə ki, kənd təsərrüfatı malları gətirən nəqliyyat vasitələrinə bu qadağa tətbiq edilmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)