Qazaxıstan Azərbaycan bankının istiqrazlarından 41 mln dollaradək pul qazanıb

Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) qiymətli kağızlarına qoyduğu investisiyaları tam həcmdə geri qaytarıb. Qazaxıstan mətbuatının xəbərinə görə, "bu istiqrazların bütün həcmi 2019-cu ilin birinci yarısında satılıb. Qazaxıstan ABB və Azərbaycan hökumətinin qiymətli kağızlarına sahib olduğu dövr ərzində təxminən $40,8 mln. məbləğində gəlir əldə edib, alınmış bütün haqlar nəzərə alınmaqla xalis daxili gəlirlilik dərəcəsi 4,1%-ə çatıb".
Qeyd edək ki, Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankınınnın istiqrazlarını bankda sağlamlaşdırılma apardıqdan sonra almışdı.
ABB 2017-ci il sentyabrın 1-də $3,34 mlrd. məbləğində öhdəliklərin restrukturizasiyasının başa çatdığını bildirib. Restrukturizasiya çərçivəsində öhdəliklər silinib, kreditorlar bank və dövlət tərəfindən buraxılan yeni qiymətli kağızlar əldə ediblər. Xüsusilə Maliyyə Nazirliyi təxminən $2,3 milyardlıq avrobondlar buraxıb.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında dövlətin payı 95,27% təşkil edir.