İpoteka və Zəmanət Fondunun müvəkkil banklarının sayı artıb

Azərbaycan İpoteka və Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlarının sırasına daha bir bank əlavə edilib.
ENA.az xəbər verir ki, bu “Accessbank” QSC-dir.
Məlumata görə, “Accessbank”ın qoşulması ilə müvəkkil bankların sayı 26-ya çatdırılıb.
Qeyd edək ki, Fond bu vaxta qədər 26 848 kredit müqaviləsi üzrə 1 324 736 210 manat kredit verib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.
Azərbaycan Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.