Axtarışda olan Telman İsmayılov əmlakıyla vidalaşmaq istəmir
Biznesmen, Çerkizov bazarının sahibi Telman İsmayılov müflis olması ilə əlaqədar vəsatət qaldırıb. Bu vəsatət müsbət cavablandırılarsa, müflis hesab olunduğu üçün biznesmenin əmlakı da müsadirə olunmayacaq.
ENA.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, müraciətə avqustun 15-də baxılacaq.
Məlumatda söhbətin hansı əmlakdan getməsi dəqiqləşdirilmir. Məlum olduğu kimi, inventarlaşma idarəsi onun Moskvada və Moskva ətrafında torpaq sahələrinin, mülklərinin və mənzillərinin olduğunu müəyyənləşdirib.
Məlumatlara görə, iş adamının ümumi sahəsi 0,5 hektar olan üç torpaq sahəsi (Moskva vilayətinin Naro-Fominski və Odintsovo rayonları) var. Bundan başqa, o, Odintsovo rayonunda qolf-klub kompleksi tikdirmək üçün 2,5 min kvadratmetrlik ərazi alıb. Həmçinin Naro-Fominsk rayonunda onun 636 kvdratmetrlik ikimərtəbəli malikanəsi, 1,2 min kvadratmetr ərazisi olan üçmərtəbəli evi var. Eyni zamanda Odintsovo rayonunda 349 kvadratmetrlik iki otaqlı mənzilə, Moskvada, Kutuzovski prospektində, ümumi sahəsi 300 kvadratmetrdən bir qədər az olan iki mənzilə sahibdir.
Xatırladaq ki, 2015-ci ilin dekabrında Moskva Vilayət Arbitraj Məhkəməsi Boris Zubkovun tələbi ilə Telman İsmayılovu müflis elan etmiş və ona qarşı iflas proseduru açmışdı. Daha sonra, 2016-cı ilin martında apelyasiya qərarı ləğv edildi. Məhkəmə, Zubkovun T.İsmayılova 15 milyon rubl borc verməsini sübut olunmamış elan etdi. Bununla belə, az sonra biznesmen yenidən müflis elan edildi. Hazırda onun bəzi şirkətləri iflasa uğrayıb.
T.İsmayılov Rusiyanın ən varlı biznesmenləri siyahısına aid edilirdi. 2009-cu ildə o, sahibi olduğu Çerkizov bazarı ilə bağlı hüquq-mühafizə orqanlarının genişmiqyaslı iradları ilə qarşılaşdı. Sanitar yoxlama idarəsi orada çoxsaylı pozuntularla qarşılaşdıqdan sonra bazar bağlandı.
Hazırda biznesmen axtarışdadır və o, sifarişli qətl törətməkdə ittiham olunur.