Rövşən Ağayev: Ən böyük zərbə "Samsung Electronics Co" kimi nəhənglərə dəyə bilər
Əsas diqqət ABŞ-Çin ticarət müharibəsində olduğu bir vaxtda Yaponiya-Cənubi Koreya arasında da ticarət savaşını da alovlandıracaq addımlar atılır. Səbəb Yaponiyanın Cənubi Koreyanı "etibarlı ticarət tərəfdaşları" siyahısından çıxarmasıdır. Bu siyahıda olmağın üstünlüyü odur ki, Yaponiyadan ixrac zamanı hər hansı əlavə bürokratik prosedurlara ehtiyac olmur.
İqtisadçı Rövşən Ağayevin sözlərinə görə, atılan addım nəticəsində iyulda Yaponiyanın Cənubi Koreyaya pivə ixracı 45%, avtomibil ixracı 17% azalıb.
Dünya mediasının yazdığına görə, münasibətlərin kəskinəşməsindən ən böyük zərbəni Samsung Electronics Co, SK Hynix Inc və LG Display kimi nəhənglər ala bilər. Çünki displeylərin və yarımkeçiricilərin istehsalı üçün bir sıra mühüm mareriallar (məs. hidrogen flüorid, polimid və s.) məhz Yaponiyadan gətirilir.
R.Ağayev bildirir ki, münasibətlərin kəskinləşməsinə səbəb Cənubi Koreyanın Yaponiyadan kompensasiya tələb etməsidir. Pul tələbi 1910-1945-ci illərdə Yaponiya müstəmləkəsi dövründə vətəndaşları ağır və alçaldıcı əməyə cəlb etməsinə görədir.
Yaponiya tərəfi isə iddia edir ki, 1965-ci ildə bağlanmış sazişlə bu məsələ üçün 500 mln. USD artıq ödənib. "Dünya iqtisadiyyatı çox mürəkkəb və qeyri-müəyyən nərhələni yaşayır. Böyüklər vuruşanda həmişə kiçiklər əzilir", deyə ekspert bildirir.