Sənaye

Neft Fondu məzənnə fərqindən 1 mlrd. 411 mln zərər edib: Hesabat

Azərbaycan Neft Fondu 2018-ci ilin yekunları üzrə hesabatını Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi konsepsiyası əsasında hazırlayıb. Hesabata görə, fondun xalis zərəri 768,439 mln. manat təşkil edib. Halbuki, Fond 2017-ci ilin yekunları üzrə 1 mlrd. 999,323 mln. manat məbləğində xalis mənfəət açıqlamışdı. 

PWC Beynəlxalq audit şirkətinin təsdiq etdiyi maliyyə sənədinə əsasən, 2018-ci ildə ARDNF-nin əməliyyat zərəri 703,358 mln. manat təşkil edib. Eyni zamanda, 2018-ci ildə məzənnə fərqindən Fondun zərəri 1 mlrd. 411,237 mln. manata yüksəlib. Hərçənd 2017-ci ildə 744,033 mln. manat gəlir açıqlamışdı. Manatın məzənnəsinin 2017-ci ilin yazından dəyişməyərək sabit qaldığını nəzərə alsaq, Fondun məzənnə fərqindən bu qədər zərərə düşməsinin səbəbi çox maraqlıdır. 

Hesabat dövründə Fondun faiz gəlirləri 86,042 mln. manat (azalma 3,4 dəfə), dividend gəlirləri – 266,518 mln. manat (artım 48,9%), icarə gəlirləri – 167,236 mln. manat (artım 81,6%), qızıl külçələrdən gəlirləri – 32,497 mln. manat (azalma 5,2 dəfə) təşkil edib.

Hesabata əsasən, 2018-ci ildə ARDNF-nin aktivləri 66 mlrd. 71,722 mln. manatadək artıb, yəni illik 8,2% çoxalıb. Fondun cari aktivləri isə 62 mlrd. 186,93 mln. manatadək artıb, yəni böyümə 19,6%-dir. Uzunmüddətli aktivləri 2,3 dəfə azalaraq, 3 mlrd. 884,792 mln. manata düşüb. 

2018-ci ilin yekununda Fondun öhdəlikləri 85,9% - 1 mlrd. 14,329 mln. manatadək artıb.

2018-ci ildə ARDNF-nin kapitalı 7,5% - 65 mlrd. 57,993 mln. manatadək artıb, kapital qoyuluşları 33 mlrd. 689,328 mln. manat (artım 21,7%) təşkil edib. Ümumi bölüşdürülməmiş mənfəəti isə 30 mlrd. 592,664 mln. manat təşkil edib, bu göstərici isə 3,4% azalma deməkdir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)