“AzerGold”dan qızıl və gümüş istehsalında - REKORD
“AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsində əməliyyat işləri üzrə apardığı optimallaşdırma tədbirləri, işçi heyətinin təcrübə və peşəkarlığının artması və tətbiq olunan texnoloji həllər hasilatda müsbət nəticələrini verməkdədir.
Bu barədə "ENA"ya şirkətdən bildirilib.
Məlumata görə, bu ilin iyul ayında “AzerGold” 2019-cu il üçün rekord həcmdə qızıl istehsal edib. Hesabat dövründə 5 495 unsiya qızıl istehsal edilib ki, bu da nəzərdə tutulan planı 23% üstələyib.
Gümüş istehsalı isə 10 995 unsiya təşkil edərək, nəzərdə tutulan planı 41% üstələyib və bununla da Cəmiyyətin bütün fəaliyyət dövründə rekord göstəriciyə yüksəlib. Hesabat dövründə filiz xırdalanması nəzərdə tutulan planı 31% üstələyərək 130 810 ton təşkil etmişdir ki, bu da Cəmiyyətin bütün fəaliyyəti dövründə rekord göstəricidir.
Cari hasilat prosesinin optimallaşdırılması və qiymətli metalların hasilatının maya dəyərinin azaldılması ilə yanaşı, “AzerGold” yeni əlvan metal yataqların istismara cəlb edilməsi məqsədi ilə kəşfiyyat işlərini uğurla davam etdirir. Belə ki, iyul ayında 7 285 metr geoloji buruq qazma işləri görülüb, ilin sonunadək bu rəqəmin 40 min metrə çatdırılması planlaşdırılır. Kəşfiyyat proqramı Çovdar yatağının yerüstü və yeraltı ehtiyatlarının artırılmasını, qızıl və gümüşə perspektivli olan Ağyoxuş, Mərək və Tülallar sahələrində buruq-qazma işlərini və ehtiyatların təsdiqini, habelə Filizçay polimetal yatağında ehtiyatların beynəlxalq standartlar əsasında qiymətləndirilməsini nəzərdə tutur.
Hazırda “AzerGold”un apardığı kəşfiyyat işləri gələcəkdə milli mədənçilik sənayesinin mənfəətini artırmaqla yanaşı, regionların sosial-iqtisadi tərəqqisi, həmçinin qeyri-neft sektorunun daha da dinamik inkişafına töhfə verməyə hədəflənib.