MALİYYƏ

Neft Fondu 11 milyard manatdan çox gəlir açıqladı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 milyard 698,3 milyon manat, büdcə xərcləri isə 4 milyard 499,4 milyon manat təşkil edib.

Fonddan verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 milyard 141,2 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-nin 2019-cu il büdcəsinin icrası çərçivəsində 4 milyard 413,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 74,9 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,5 milyon manat təşkil edib.

2019-cu il iyunun 30-a ARDNF-nin aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon ABŞ dolları) nisbətən 10,25% artaraq 42 milyard 463,7 milyon ABŞ dolları təşkil edib.

 

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin ilk 6 ayı ərzində müvafiq göstərici 13,1% təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)