Rəsmi

Elman Rüstəmov prezidentin keçirdiyi müşavirədə narahatlığını dilə gətirdi: "Ehtiyatlı olmalıyıq"

"Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər - 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər".

Bunu prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. 

E.Rüstəmov bildirib ki, bank sektorunda əhəmiyyətli likvidlik var. Amma biz yenə də görürük ki, biznes kreditlər artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin.

"Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik".

Mərkəzi Bank sədri sentyabr ayında sosial paketin ikinci mərhələsinin başladığını qeyd edərək, başlıca vəzifə kimi bütövlükdə bu sosial proqramların, əhalinin real gəlirlərinin artması prosesini dəstəkləmək, aşağı inflyasiyaya nail olmağı vurğulayıb.

"Burada Mərkəzi Bankın hökumətlə çox yaxşı əlaqələndirilmiş işi nəzərdə tutulur. Biz bu məsələləri Maliyyə Sabitliyi Şurasında müntəzəm müzakirə edirik. Hesab edirik ki, biz buna nail ola biləcəyik".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)