Hesabatlar

Beynəlxalq Bankın sağlamlaşdığını demək olarmı? – HESABAT 

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) bank sistemində əhəmiyyətini bir neçə il əvvəl böhran yaratmasında gördük. Dövlətin maliyyə dəstəyilə sağlamlaşan ABB-nin aktivləri 30.06.2019-cu il tarixinə 8 milyard 488 milyon manat təşkil edir, öhdəlikləri isə 7 milyard 18 milyon manatdır. Belə çıxır ki, bankın aktivlərinin 83%-i öhdəlikləri hesabına formalaşıb. Bu halda bank öz vəziyyətini nə qədər yaxşılaşdırıb, nə qədər dayanıqlıdır, suallarına cavab tapmağa çalışacağıq. 

 

Komissiya və xidmət haqqlarında yeni rekord

ENA.az olaraq rəqəmlərin təhlilinə pul hərəkətindən başladıq, bu isə bu ilin altı ayında bankın pul vəsaitləri ilə necə davrandığını göstərir. Beləliklə, bu ilin altı ayında bankın qiymətli kağızlara qoyulmuş səhmlərdən gələn gəlirləri, verilmiş kreditlərdən yığılmış faizləri 62 milyon 428 min manat olub. Özlüyündə bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon manat azdır. Amma ABB-nin digər bankda nostro hesabı varsa ona ödənilən faizlər, müddətli depozitlər üzrə faiz xərcləri də bir il əvvəlki rəqəmlərlə müqayisədə 13 milyon manat azalıb və faiz ödənişləri cəmi 5 milyon 670 min manata düşüb, yəni yığılmış faiz xərcləri ilə ödənilmiş faiz xərcləri arasında ciddi fərq yoxdur. Alınmış komissiya və xidmət haqqları yenə də ABB-də bank sektorunda rekord səviyyəni göstərir və gəliri 34 milyon 317 min manat təşkil edir. 
“Azərbaycan Beynəlxalq Bankı”nın başqa maliyyə qurumlarından alacağı 970 milyon 660 min manat pulu var və bu, 2018-ci ilin eyni rübündəki göstəricidən 112 milyon manat çoxdur. Bank bu altı ayda müştərilərinə 135 milyon manat kredit verib və bu, kredit portfelində ciddi artımdır. 

 

707 milyonluq fərq nədən qaynaqlanır? 

Diqqətçəkən ən mühüm məqam isə bankın müştərilərə ödəniləcək məbləğlərində kəskin azalmadır. Belə ki, 2018-ci ilin ikinci rübündə 767 milyon 447 min manat ödəmə edən bank bu ilin altı ayının sonunda 59 milyon 975 min manata salıb. Maraqlıdır ki, 707 milyonluq kəskin fərq nədən formalaşıb? İlk olaraq bu ödəmələrdə ABB-nin Dövlət Neft Fonduna ödəmə etməsi ehtimalı düşünülür. Ancaq bankın öhdəliklər maddələri, eləcə də aktivlərinin tərkibi tam şəffaf açıqlanmadığından bunu əminliklə demək olmur. Üstəlik, Dövlət Neft Fondunun vəsaitinin müştəri depozitlərində deyil, ən azı maliyyə institutlarının vəsaitlərində nəzərə alındığını düşünsək, o zaman bu fərqin yeganə açıqlaması belə olacaq ki, hüququ və fiziki şəxslər ABB-dən müddətli depozitlərini geri çəkiblər və görünür ki, bu tendensiya hələ də davam edir. 

 

Akitvlərdə kredit portfelinin payı hələ də azdır

Bu il iyulun 1-nə ABB-nin aktivləri 8 milyard 488 milyon manat olub ki, bu da illik müqayisədə 11,5% çoxdur. Aktivlərin 1 milyard 786 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir və son bir ildə portfel 6,6% böyüyüb. Yalnız bu böyümədən sonra kredit portfelinin aktivlərdəki payı 21%-ə çatıb və bu elə də yaxşı göstərici hesab edilmir və görünür ki, bank kreditləşmə risklərinə hələ də çox həssas yanaşır. 
ABB başqa banklarda 2 milyard 951 milyon 555 min manat pul yerləşdirib. Aktivlərin 1 milyard 191 milyon 575 min manatı isə qiymətli kağızlardır. Və aktivlərinin 2 milyard 134 milyon 627 min manatı likviddir. 

Yuxarıda qeyd etdiyimiz kimi, maraqlı məqamlardan biri ABB-nin Dövlət Neft Fondundan aldığı vəsaitləri hansı şəkildə öhdəliyinə daxil etməsidir, çünki bu transfertin adı depozit yerləşdirməsi kimi qeyd edilir. Öhdəliklərə əsasən, banklar və digər maliyyə qurumlarının ABB-dəki vəsaitlərinin həcmi 30.06.2018-ci ilə 2 milyard 99 milyon 159 min manat olduğu halda, 30.06.2019-cu ilə 345 milyon 80 min manata düşüb. Bu isə onu göstərir ki, ABB neft fondunun vəsaitlərinin bir qismini artıq ödəyib. Eyni zamanda bank daha ucuz pul vəsaiti cəlb etmək məqsədilə ötən bir ildə 1 milyard 700 milyon manat həcmində qiymətli kağız buraxıb. Hesabat dövründə ABB-nin cəmi öhdəlikləri 9,2% artaraq 7 milyard 17 milyon 793 min manat olub. Əsasən hüquqi şəxslərin tələbli depozitləri hesabına depozit portfeli bir ildə 22% artıb və 4 milyard 625 milyon 104 min manat təşkil edib. Bankın balans kapitalı isə 23,7% yüksələrək 1 milyard 469 milyon 933 min manata çatıb. Məcmu kapitalı 1 milyard 390 milyon 990 min manatdır və məcmu kapitalın gəlirliliyi 39,96% təşkil edir. Bu isə bank sektorunda yüksək rəqəmlərdən biridir və bankın komandasının kapitalın idarə edilməsində yüksək performans göstərdiyini təsdiqləyir. 

 

300 milyonluq mənfəət açıqlaması

“Azərbaycan Beynəlxalq Bankı” ASC bu ilin birinci yarısını 300 milyon 34 min manat mənfəətlə başa vurub və bu, ötən ilin eyni dövrünə nisbətən 30,7% çoxdur.

Yanvar-iyun aylarında ABB-nin gəlirləri 284 milyon 503 min manat olub. Bunun da 219,74 milyon manatı faiz və 64,783 milyon manatı qeyri-faiz gəlirlərinin payına düşür. Qeyd edək ki, hər iki gəlir maddəsində artım müşahidə edilir. Bankın xərcləri isə 120 milyon 46 min manat təşkil edib. Faiz xərcləri 48,306 milyon manat, qeyri-faiz xərcləri 72,154 milyon manat olub. Müqayisə etdikdə faiz xərclərində azalma qeyri-faiz xərclərində isə 18 milyon manat həcmində artım var. Xərc maddələri açıqlanmadığından ehtimal olunur ki, artımda işçi heyətinin əmək haqqı xərclərinin də mühüm payı var, çünki ABB-nin kadr potensialına diqqət verməsi inkarolunmazdır. Nəticədə bankın əməliyyat mənfəəti 164 milyon 43 manat olub ki, bu da bir il əvvəlkindən 22 milyon 419 min manat çoxdur. Bank xüsusi ehtiyatlara 136,297 milyon manat ayırıb və mənfəət vergisi ödəmədiyindən 300 milyon 34 min manat mənfəət açıqlayıb.
O da məlumdur ki, bankın əvvəlki illərdən 152 milyon 197 min manat bölüşdürülməmiş xalis zərəri də var.   

 

Nəhayət, ABB dayanıqlıdırmı? 

Hesabatımızın nəticəsi olaraq, bankın dayanıqlığı ilə bağlı sualımıza bank sahəsində risk meneceri kimi tanınan Ramin Rəhimovun təhlilini təqdim edirik: 

“Bankın balans hesabatına görə, likvid aktivləri 2,1 milyard manatdır. Fiziki və hüquqi şəxslərin müddətli və tələbli depozitlərinin həcmi isə 4,6 milyard manatdır. Deməli, bankın likvidlik göstəricisi 46%-ə yaxındır, yəni hər hansı stress şəraitində bankın müştəriləri kütləvi şəkildə vəsaitlərini geri çəkmək istəsə, əgər stresli yanaşmanı təxminən 20% götürsək, bank likvid aktivləri hesabına həmin öhdəlikləri yerinə yetirə biləcək vəziyyətdədir. Yəni bankın maliyyə göstəriciləri yüksəkdir. Eyni zamanda bankın kapital tərkibinə baxsaq, cari ilin mənfəəti 300 milyon manatdır. 6 ayda 300 milyon gəlir əldə etmək bu kapitalın formalaşmasında 20 faizə yaxın bir göstəricidir və hesab ediərm ki, bankın performansı çox yaxşıdır. 

Eyni zamanda bank qiymətli kağızlara 1,1 milyard manat yatırım edib və bunlar da likvid aktiv hesab edilir, çünki qiymətli kağızlar bazarında bu aktivlərin realizasiyası zamanı itkizis satışı nəticəsində likvidliyini təmin edə biləcək durumdadır. Bankın qiymətli kağızlar buraxması isə həm də onun daha ucuz maliyyələşmə forması seçdiyini göstərir, bu rəqəm 1,7 milyrd manatdır. Demək ki, bankın reytinqi var və buraxdığı qiymətli kağızların alıcısı da var. Bank hazırda yüksək dinamika ilə inkişaf edir”. 
İlhamə Xanlarqızı 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı